Əziz dostlarım!
Bir məsələ ilə bağlı münasibət bildirməyi özümə vətəndaşlıq borcu hesab edir və fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bəyənsəniz də, bəyənməsəniz də var olun!
Son günlər ölkəmizdə yayılan pandemiya üzündən hər kəs narahatlıq keçirir. Bir aydan çoxdur ki, təhsil müəssisələri bağlanıb, əhali bütün işini dayandırıb, gözünü mavi ekrana zilləyib. Milli bayramımız olan Novruzun gəlişi də insanların ruhunu isidə bilməyib. Hamı sanki üşüyür. Belə bir vaxtda bir acı xəbər də xalqımızı üzdü. Azərbaycanlı iş adamı Mübariz Mənsimov qardaş ölkədə şərlənərək həbs olundu. Türkiyə ədalət məhkəməsini qərarı ilə haqqında məhkəmə işi başladıldı.
Mübariz Mənsimov 1998-ci ildə Türkiyədə "Palmali" Şirkətlər Qrupunu yaradıb. Şirkətin 21 ölkədə təmsilçiliyi fəaliyyət göstərir. İş adamı bu şirkət daxilində 40 min insanı işlə təmin edib. Bu o deməkdir ki, "Palmali” ailəsindən 40 min vətəndaş ailəsinə çörək pulu qazanır, öz gələcəyi üçün xəyallar qurur. Hətta bu şirkətdə eşitdiyim qədəri ilə illərlə bir ənənə də formalaşıb. Burada çalışan insanlar dünyasını dəyişsə belə ölümündən sonra da onların ailələri unudulmur, əməkhaqqı müavinət kimi mərhumun ailə üzvülərinə ödənilir. Bu isə "Palmali"nin sonuna qədər öz əməkdaşlarının arxasında olduğunun əyani sübutu, dünyada ali dəyərlərin qorunması, yaşadılmasına verilmiş bir tövhə, insanlığın bariz nümunəsidir.
Bu gün Mübariz Mənsimov Türkiyə - Azərbaycan dövlətlərində xeyirsevər iş adamı kimi tanınır. Təsadüfi deyil ki, o 20 mindən çox Azərbaycanlı tələbəyə təqaüd verir, onların təhsili üçün əlindən gələni əsirgəmir. Belə bir xoşməramlı addım cənab prezidentimiz İlham Əliyevin - "biz maddi dəyərlərimizi insan kapitalına çevirməliyik" - çağrışına ən böyük dəstəkdir.
Minlərlə azərbaycanlı iş adamından biri olan Mübariz Mənsimov yeganə şəxsiyyətdir ki, ali və insani dəyərləri ilə Azərbaycan və Türk dünyasının hörmətini, sevgisini qazanmışdır. "Palmali” gəmilərində, tankerlərində Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət, incənət xadimlərinin və eləcə də Milli Qəhrənanlarının adının verilməsi, onların xatirəsini əbədiləşdirilməsi onun vətənpərvər insan olduğunun göstəricisidir. Dünya okeanlarında Azərbaycan bayrağının dalğalandırılması, milli dəyərlərimizin təbliği onun şəxsiyyətinin bütövlüyündən xəbər verir.
O təlatümlü gecə Neft Daşlarında baş vermiş qəzanı yəqin xatırlayırsınız. Mübariz Mənsimov həmin vaxt itkin düşən neftçilərin tapılması üçün 4 milyon manat dəyərində sualtı gəmi alıb, Azərbaycan dövlətinə bağışlamışdı...
Belə bir iş adamının həbsinə etirazını bildirmək hər bir azərbaycanlının borcudur.
Təəssüf doğuran isə odur ki, bir çox sapı özümüzdən olan baltalar nəinki ona dəstək olur, hətta düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Mətbuat səhifələrində sifarişlə yazılan böhtan, şər xarakterli yazılar, şəxsiyyəti təhqir edən ifadələr işlətməklə Mübariz Mənsimova qarşı pis niyyətlərini həyata keçirməkdən çəkinmirlər. İstər KİV nümayəndələrinə müsahibələrində, istərsə də ictimai tədbirlərdə çıxışları zamanı o biznes adamı olduğunu vurğulayır, siyasətə qarışmadığını söyləyir. Bədxah rəqibləri isə onu gözdən salmaq məqsədilə müxtəlif yollara baş vururlar.
Adam illərlə xalqın, millətin yolunda qazancını bölüşmüş, imkansızlara arxa, dayaq olmuşdur. Təəssüf hissi ilə izlədim. Bir millət vəkili digərlərinə də çağırış edib, - "Xalq Mübarizi nədən dəstəkləməlidir? O Azərbaycanın bütövlüyü uğrunda mübarizəmi aparıb?” – deyir. Soruşmaq istəyirəm, bəs Mübariz Mənsimov kim uğrunda mübarizə aparıb?
Azərbaycanın yüzlərlə gəncinin savadlanıb, təhsil almasında əməyini əsirgəməyən bu insanın dəstəyi mübarizə deyilmi? İnsanların sağlamlığı, təhlükəsizliyi, həyata yenidən sarılıb sevməsi, evində vətən üçün əsgər böyüdən ailələrin işlə təmin olunması yolunda dövlətə, millətə verdiyi dəstək, köməklik mübarizə deyilmi?
Bizə səngərdə döyüşmək üçün əsgər lazımdırsa, o əsgəri böyütmək üçün sağlam ailə də vacibdir. Sağlam ailənin rifahı isə onun məşğulluğundan asılıdır. Ehtiyyatda olan əsgər kimi bu gün arxa cəbhədə xalqı, milləti yolunda yatırdığı sərmayələr mübarizə deyilmi? Görəsən, Vətənin ona oğul deməsi üçün daha nələri etməsi gərəkirdi? Şəhid olmağınımı istəyirsiniz? Biz yetərincə şəhidlər vermişik, yetər artıq. Bizə sağlam, əqidəli, xalqı milləti yolunda təmannasız çalışan, Mübarizlər gərəkdir. Minlərlə Mübarizimizi Vətən yolunda qurban vermişik. Daha Mübarizlərimizi itirmək istəmirik!
Ağrılı məqam isə ondan ibarətdir ki, bu insanlar arasında bizim jurnalist həmkarımız da var. Sözün həqiqi mənasında belə həmkarlarımın olmasından utanıram. Axı, biz jurnalistlərə universitetdə media hüququ, jurnalist etikası öyrədilib. Siz onu da yaxşı bilirsiniz ki, məhkəmə qərarı çıxmayınca vətəndaşı cinayətkar adlandırmaq yolverilməzdir. Üstəlik jurnalist etikasında şəxsiyyətə təhqir, həqarət qəbuledilməzdir.
Daha bir məqamı da yadınıza salmaq istəyirəm. Jurnalistikanın təməl qanunlarından biri də onun vicdanlılıq, qərəsizlik kimi prinsiplərinə əməl olunmasıdır. Budurmu, sizin vicdanlılığınız?
"Bizə belə Mübarizlər lazım deyil", - deməklə açıqca qərəzlilik nümayiş etdirməyiniz də göz qarşısındadır.
Bəlkə düşünürsünüz ki, Mənsimov həbs olunub, nə istəsəniz yaza bilərsiniz. Xeyr və əsla! Məkhəmə hələ onun günahkar və təqsirkar olduğunu təsdiqləməyib. İnşallah təsdiqləyə də bilməyəcək!
Biz Türkiyə dövlətinin qanunlarına, hüquq və ədalətinə güvənərək Mübariz Mənsimov haqqında ədalətli qərar veriləcəyinə inanırıq. Buna görə də baş vermiş xoşagəlməzliklərin aradan qalxacağına ümid edir, qardaş Türkiyədən ədalətli qərar gözləyirik.
Siz isə çirkin əməllərinizlə Mübariz Mənsimovu xalqın gözündən sala bilməzsiniz. Elin gözü tərəzidir - deyiblər. Haqq nazilər, amma üzülməz!
Jurnalist Dilşad Xaqaniqızı .