Tarix boyu zəlzələ, yanğın, sel kimi təbii fəlakətlərlə yanaşı, kütləvi insan ölümlərinin bir başqa səbəbi də qısa müddətdə sürətlə yayılan müxtəlif növ yolxucu xəstəliklər olmuşdur.
Artıq bir neçə aydır ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus (COVİD – 19) dünyanın 200 - ə yaxın ölkəsində kəskin sürətlə yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVİD – 19 qoyub, martın 11 – də isə koronavirusu pandemiya elan edib.
Pandemiya nədir?
Ümumi tərifə əsasən, pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yolxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif, H1N1 ( Donuz qripi) qrip epidemiyası ilə əlaqədar 2010 – cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilib.
Bəşər tarixi millyonlarla insan həyatına son qoyan ölümcül virusların, xəstəliklərin yayılmasına dəfələrlə şahidlik edib.
Yustinian vəbası – VI əsrdən yayılmağa başlayan bu xəstəlik Avropa, Misir, Fələstin, Suriyaya və Anadoluda çox sayda insan həyatına son qoyub. Bu xəstəlik nəticəsində təkcə Konstantinopol (indiki İstanbul) əhalisinin 40 faizini həyatını itirdi.
Qara ölüm - XIV əsrdə Çində başlamış, Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya yayılılan, Qara ölüm və ya Qara Vəba adı ilə bilinən bu pandemiya milyonlarla insanın ölümünə səbəb olub.
İspan qripi - XX əsrin ən böyük fəlakətlərindən biri hesab olunan İspan qripi 1918-1920 – ci illər arasında 50-100 milyon aralığında insanın (o dövrdəki dünya əhalisinin təxminən 15%) ölümünə səbəb olduğu deyilir.
Kolera epidemiyası – XIX əsrdə ilk dəfə Hindistanda ortaya çıxan bu epidemiya indəyə qədər bir neçə dəfə geniş şəkildə dünaya yayılıb və milyonlarla insanın ölümünə səbəb olub.
Asiya qripi - Çindən başlayaraq Asiya, Avropa və ABŞ -a yayılan bu virusun tədqiqatçılar ördəklərdən insanlara keçdiyini deyirlər.
Yaşadığımız müasir dövrdə SARS, Donuz qripi (H1N1), Ebola kimi yolxucu xəstəliklərə görə dünyada çox sayda insan həyatını itirib.
Koronavirus COVİD-19 pandemiyası dövrümüzün əhəmiyyətli qlobal sağlamlıq böhranıdır. Koronavirus pandemiyası Çində, İtaliyada, İspaniyada, Fransada, ABŞ-da, Almaniyada, İranda və digər ölkələrdə artıq bir neçə ay ərzində çox sayda insanın ölümünə səbəb olub.
Bu gün Azərbaycanda dünyanın digər ölkələri kimi çətin sınaq ilə üzləşir və ölkəmiz belə bir çətin vəziyyətdə fövqəladə tədbirlər görmək, sərhədləri bağlamaq, ciddi karantin rejimi tətbiq etmək məcburiyyətində qalıb. Hətta bir çox qabaqcıl, inkişaf etmiş ölkələr belə bu virusun öhdəsindən gələ bilmirlər və dünya dövlətləri virusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də görünməz düşmənlə müharibə aparmaq deməkdir.
ABŞ-da aparılan araşdırmanın nəticəsində bu virusun havada saatlarla, səthlər üzərində isə günlərlə yaşaya biləcəyi müəyyən edilib. Araşdırmaya görə virusun öskürək ya da asqırmaqla havaya saçılması və damcılar halında 3 saata qədər asılı qala bildiyi müəyyən olunub. Plastik və paslanmayan polad kimi səthlərdə 2 və ya 3 günə qədər karton üzərində 24 saata qədər canlı qaldığı bilinib.
Belə bir çətin vəziyyətdə bizim öhdəmizə düşən ilk öncə vacib olmadıqca çölə çıxmamaq və şəxsi gigiyenamıza ciddi fikir verməkdir. Təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtləridir.
Allah bu çətin gündə hamımıza kömək olsun. Allah xalqımızı qorusun. Amin.
Tural Hüseynov