AzTehsil.com


Xəbərlər / Müəllim
29 dekabr 2019
10 057


Keçmişdən bu günə təhsil



 

Təhsil – yeni nəsillərin  zəruri bilik , bacarıq, təcrübə və dəyərlərə yiyələnməsi və şəxsiyyətlərini inkişaf etdirmək məqsədi ilə həyata keçirilən bir fəaliyyətdir.
Təhsil məktəbdən əvvəl ailədə və mühitdə başlayır, məktəb dövründə və həyatın bütün mərhələlərində davam edir. Əsrlər boyu mədəni, sosial, iqtisadi və digər  sahələrin inkişafı üçün təhsil zəruri olmuşdur. Əsrlər boyu cəmiyyətlər inkişaf etdikcə yeni nəsillərə veriləcək biliklər də artırdı və bu baxımdan mütəxəssislər vasitəsi ilə məktəb adlanan müəssisələrdə təhsili həyata keçirtmək lazım idi. Təhsil və təhsil müəssisələri ictimai inkişafın vacib hissəsinə çevrildi. Qədim Mesopotamiya sivilizasiyasında təhsil sahəsində fəallıq göstərən kahinlər bilikli insanlar sayılırdı. Uşaqlara ilk mərhələdə oxu, yazı və dini biliklər verilirdi. Daha sonarkı yaşlarında onlara hüquq, tibb və astrologiya bilikləri verilirdi. Qədim Misirdə məktəblər dövlət məmurlarının və keşişlərin nəzarəti altında fəaliyyət göstərirdi. Məktəbə daxil olan 5 yaşlı uşaqlara ilk mərhələdə  oxu və yazı öyrədilirdi, 13-14 yaşlarında isə işləyəcəkləri yerlərdə praktik təlimlər alırdılar. Məktəblərdə tibb, riyaziyyat və həndəsə sahələri öyrədilirdi. Memarlıq, mühəndislik və heykəltəraşlıq isə məktəb xaricindəki ustalardan öyrənilirdi.      Yuxarıda adı çəkilən sivilizasiyalardan fərqli olaraq Çində əxlaqi düşüncə aşılayan, başqalarına və dövlətə qarşı vəzifələrini öyrədən təhsil anlayışı var idi.   Mayya sivilizasiyası X. Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mayyaların çox inkişaf etmiş təqvimlərdən istifadə etməsi onların astronomiya və riyaziyyat sahəsində inkişaf etdiklərini göstərir. Mayya  sivilizasiyasındakı təhsilin məqsədi peşə bilikləri vermək və şəxsiyyətin inkişafına kömək etmək idi.               
Ən qədim sivilizasiyaların birinin beşiyi olan Hindistanda uşaqlar 7 yaşına qədər evdə, 7 yaşdan 16 yaşına qədər məktəbdə, 16 yaşdan sonra məşhur mütəfəkkirlərin və müəllimlərin yanında təhsil alırdılar. Qızlar üçün təhsil qadağan deyildi, lakin qızlar ümumiyyətlə evdə təhsil alırdılar.  Yəhudilərdə təhsil ananın uşaqlara əsas bilikləri öyrətməsi ilə başlayırdı. Ata isə oğullarını cəmiyyətin adət-ənənələrinə uyğun olaraq tərbiyyə edir, onlara dini biliklər verir və əl bacarıqları öyrədirdi. Tövrat məktəblərdə dini bilik vermək məqsədi ilə tədris edilir, oxu, yazı və riyaziyyat öyrədilirdi.                             
Qədim Spartada uşaqlar 7 yaşına qədər ailə ilə qalır, 7 yaşdan sonra dövlətə aid təhsil müəssisələrinə göndərilirdi. Bu müəssisələrdə 30 yaşına qədər oxu, yazı və riyaziyyatla yanaşı müharibə taktikalarını və dövlət idarəçiliyini öyrənirdilər. Afinadakı məktəblərdə musiqi, gimnastika, ədəbiyyat, qrammatika, riyaziyyat və fəlsəfə öyrədilirdi. Məktəblər şəhəri olan Afinada təhsil 2 illik hərbi xidmətlə başa çatırdı.                                                                                                                   
Bizans imperiyasında yalnız varlı insanların övladlarının məktəbə getmək imkanı var idi. Konstantinopoldakı (indiki İstanbul) universitetlərdə humanitar elmlər, nitq sənəti, fəlsəfə, həndəsə, astronomiya, məntiq və poeziya öyrədilirdi.  Konstantinopolda ali tibb məktəbi də fəaliyyət göstərirdi.İslam dünyasında Abbasilər hakimiyyəti dövründə elm və təhsilin ən parlaq dövrü yaşandı. Platon, Aristotel və Hippokrat kimi  mütəfəkkirlərin əsərləri ərəb dilinə tərcümə edildi.Təhsil ocaqlarında cəbr, kimya, fizika, astronomiya, tibb, məntiq, coğrafiya, siyasət, hüquq və din dərsləri öyrədilirdi.                                             
XII – XIII -əsrlərdə Avropanın bəzi şəhərlərində ilk universitetlər meydana gəldi. Bunlara İtaliyadakı Bolonya, Fransadakı Paris, İngiltərədəki Oksford və Kembric universitetlərini nümunə göstərmək olar. Vaxtında bu universitetlər qadınlar üçün bağlı idi. Oksford və Kembric universitetləri dünyanın ən qədim ingilisdilli universitetləridir. Kembric universiteti - 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis edirlər. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi,  monastrlardan fərqli olaraq universitetlərdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilirdi. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi.       
Yeni kəşflərlə elmi dünya zənginləşdi. XVII–XVIII əsrlərdə Şimali Amerikada məktəb təhsili Avropa təhsil sisteminin təsiri altında inkişaf edirdi. Şimali Amerikada ilk ibtidai təhsil müəssisələri XVII əsrdə puritan icmalarında yaranmağa başladı. XVIII əsrin 70-ci illərində Şimali Amerikanın koloniyalarında yeni tipli ümumtəhsil məktəbləri yaradıldı və bunlar akademiya adlanırdı.         
XVII –əsrin ortalarından XVIII - əsrin sonlarına qədər uzaq dənizlərə Avropanın açılması və sənaye inqilabının reallaşması ilə ticarət inkişaf etdi və milli sərvət artdı. Sənaye inqilabı ilə kəndlərdən şəhərlərə kütləvi köçlər oldu. Böyüməkdə olan şəhərlərdə Fransa inqilabının yaydığı bərabərlik fikirləri hüuq bərabərliyi tələbini artırdı. Təhsilin dövlət tərəfindən həyata keçirilməsi başlanıldı. XIX - əsrin əvvəllərində Fransa və Almaniyada pulsuz məktəblərin yalnız yoxsullar deyil, hər kəs üçün açıq olması fikri geniş yayıldı. Məktəblərdə şagirdlərin sayı artdıqca müəllim çatışmazlığı səbəbindən müvəffəqiyyətli şagirdlərin digər şagirdlərə təlim keçmələrini tələb edən qrup təhsili başladı . Burada uşaqları yaşlarına görə siniflərə ayırma metodu tətbiq olunmağa başlandı.                             
Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın başlanğıclarına təsadüf edilir. Tarixi mənbələrdən aydın olur ki, Azərbaycanda təhsil sistemi VII əsrdə artıq formalaşmaqda idi. XVIII -əsrə qədər məktəblər məscidlərdə, şəxsi evlərdə yerləşirdi. Dərsliklər yox idi və şagirdlər əlifbanı öyrəndikdən sonra Quranı oxuyub başa çatdırırdılar. Bu dövrdə orta və ali tədris müəssisələrinin rolunu oynayan mədrəsələrdə var idi. Bu mədrəsələrdə ruhani kadrlar yetişdirilirdi. Mədrəsələrdə dini elmlərlə yanaşı, qismən dünyəvi elmlər: ədəbiyyat, riyaziyyat, astronomiya və s tədris edilirdi.Azərbaycan Xalq Cumhuriyyəti dövründə hakimiyyət xalqın maariflənməsinə diqqət verərək Xalq Maarif  Nazirliyi təsis olunmuşdu. Bu dövrdə bütün məktəblərdə təhsilin türk dilində aparılmasına keçirilmişdir.!919 –cu ilin sentyabrında  Bakı Dövlət Universitetinin açılışı oldu və 1919-cu il noyabrın 15-də fəaliyyətə başladı. Birinci dərs ilində BDU-nun tarix-filologiya və tibb fakultələri fəaliyyət göstərirdi. 1990 –cı ilin əvvəllərində Azərbaycan SSRİ-də 17 ali, 77 orta ixtisas məktəbi, 182 texniki-peşə məktəbi var idi.1992-ci  aprel ayında Azərbaycan Ali Attestasiya Komissiyası təşkil olundu və "Ali məktəblərə test üsulu ilə qəbul haqqında” qərar verildi.     
Ulu öndər Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Hərbi Akademiya yaradıldı. 1999-cı il iyunun 15-də Prezident tərəfindən təsdiq olunmuş  "Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı” da  Azərbaycan milli təhsil sisteminin konsepsiyası və strategiyası müəyyənləşdirilmişdi. Azərbaycan təhsil tarixində ilk dəfə 1999-cu ildə ümumtəhsil məktəbləri üçün dövlət standartları və bazis tədris planları təsdiq olunmuşdu. Dünya təhsil sisteminə inteqrasiya olunması sayəsində atılan adımlar daha da möhkəmləndirlimişdir.” Azərbaycan Təhsilinin İnkişafı üzrə Dövlət Strategiyasının təsdiq olunması haqqında” təhsil islahatlarının daha sistemli aparılması və ölkə inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş Dövlət Strategiyası Azərbaycanda təhsil islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaratmışdır. Bu gün təhsil müəssisələrimizdə məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindənsevdirən müəllimlərimiz  çoxdur. Bu müəllimlərin əsas məqsədi ondan ibarətdir ki, onlar öz şagirdləri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa   istiqamətləndirməyi  bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır.   Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və iqtisadiyyat  gücləndikcə, bütün sahələrə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Ona görə də, Azərbaycan təhsili bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.                                                               
 
Pedaqoq Hüseynov Tural                     
                  




Загрузка...