Moderator.az Azərbaycan, eləcə də Şərq elm tarixinin ən fəxrediləsi hadisələrindən sayılan "İxfan əs Səfa” cəmiyyəti haqqında yazını təqdim edir:
Haqqında danışacağımız gizli elmi cəmiyyət bu gün az qala bütün dünyanın borclu olduğu "Saflıq qardaşları” birliyidir. Bəzi mənbələrdə "İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat dövrün hakimlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdılar.
Məktəb X əsrdə qədim elm mərkəzi olan Bəsrədə yaranmışdı. Amma tezliklə sərhədləri aşdı və Azərbaycan torpaqlarını da öz ziyasına bürüdü. Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə bazası olan yunan mətnlərini xilas edib, hikməti Şərq coğrafiyasında da yayırdılar. Şərqin "yeni platonçuları” adlandırılan "Saflıq qardaşları”nın təbirincə, Ali Səadətə qovuşmaq üçün insan ilk növbədə öz ruhunu saflaşdırmalıdır. Bunun da yeganə yolu elm və fəlsəfəyə yiyələnməkdir. Şəriət isə onları nə anlaya bilir, nə də qəbul edirdi. Amma Şərq intibahının yaranmasında əsas xidmətləri olan "Saflıq qardaşları” "insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirmişdi. Onlar Aristotel və Platonun metafizik dünyagörüşünü, saf İslam etiqadı ilə sintez edərək "vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar. Təkcə buna görə, XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi "Saflıq qardaşları”na çox minnətdar olacaqdı...
Burada öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək və onu əbədi səadətə qovuşdurmaqdır.
Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasınakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və keçirilənləri qəbul etməyi bacara bilən bu qrupün üzvləri "əl Əbrar-əl Ruhəma”, yəni, "dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri "Əhyar-dindar” və ya "Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi onlar həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə sahib olan insanlardan təşkil olunurdu. "Əl-Fudala-əl Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki, onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar. onları Məlaikə- mukarribin adlandırırlar.
Birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdilər. Amma heç vaxt "ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə o dərəcədə pərdə saxlayırdılar.
İsmayıla dinin açıq və gizli olduğunu deyir və bu məktəbin də əsas işinin gizli dinlə, daha doğrusu, gizli elmlərlə aidliyini nəzərə çatdırmaq istəyidilər. Çünki "Saflıq qardaşları” öz aralarında şəriəti "açıq din” adlandırırdılar. Yəni, burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna isə çox az insana çatırdı. "İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları batini elmlərə yiyələnərək ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.
Saflıq ardıcıllarının fəlsəfəsinin əsasını kainatın Tək ilahi qaynağının olması və ruhların bu qaynağa, yəni Tanrıya geri dönüşü inancı təşkil edirdi. Necə ki, sözlər ağızdan, işıq günəşdən yayılırsa, bütün kainat da Tanrıdan qaynaqlanır.
Bu fəlsəfəni biz daha sonra Azərbaycanın ən güclü filosoflarından biri olan Şihabəddin Sührəverdinin "işraqilik” təlimində görürük. Böyük Sührəverdinin bu "işıq fəlsəfəsi”ndə Küldən qopmuş işıq zərrələri yenidən ona doğru qayıdır. Şərqşünas alim Zakir Məmmədovun Sührəverdidən tərcümə etdiyi "İşıq heykəlləri” əsərində bu detal qabarıq əks olunub. Klassik fəlsəfədə isə buna "emanasiya” deyilir.
Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı cisimlər meydana çıxır. Ardınca yeddinci fələklər, səkkizinci elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, "bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir.
”Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idilər: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar.
Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.
İxfan əs-Səfanın həm qərb, həm də şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə sahib idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə doğru irəlilədi.
Dörd hissədən ibarət "Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasıdakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiiyyat, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunmuşdur. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilmişdir. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.