"Dünənin adamı bu günün insanına sabahı öyrətməyə cəhd edir”. Bu fikri kimdən eşitmiş və ya haradan oxumuşam, dəqiq xatırlamıram. Amma cümlənin xəbərinin "cəhd edir” yox, "öyrədir” olduğunu dəqiq xatırlayıram. Mənim məramıma uyğun olaraq bu cür dəyişdim ki, fikrimi daha dəqiq ifadə etməyimdə yardımçı olsun.
Bu dəfə müəllim və müəllimlik sənətindən yazmağı düşündüm. Nəinki son zamanlar, dünya yaranandan bu sənət həmişə populyar olub və həmişə də haqqında daha çox danışılıb.
Son zamanların ən məşhur ifadələri bunlardır: "Cəmiyyəti bu günə müəllim qoyub…"; "Müəllim uşaqların psixologiyasını pozur…"; "Müəllim süpürgə pulu yığır…"; "Müəllim rüşvətxordur…"; "Müəllim uşaq hazırlaşdırıb şagirdləri məktəbdən yayındırır…"; "Müəllim seçkidə saxtakarlıq edir…" və sairə və ilaxır.
Demək olar ki, hər ailədə, hər mərasimdə, hər toyda, hər yasda müəllim müzakirə obyektidir. Düzdür, müəllim həmkarlarım bundan narahat olur. Hətta hamısının ağlından keçir ki, bəyəm bəşəriyyətin, cəmiyyətimin bütün problemlərinin səbəbkarı müəllimdir?
Mən cavab verirəm: Əlbəttə!
Çünki elə bir ailə yoxdur ki, bu və ya digər mənada təhsillə yaxından, uzaqdan əlaqəsi olmasın. Gəlin, bir anlıq digər peşə sahibləri ilə müəllimlərin say balansına diqqət edək. Doqquz milyonluq ölkəmizdə bir milyondan çox şagird var. Bir milyon şagird bir milyon ailə deməkdir. Bir milyon ailəni 4 nəfərdən götürsək, demək, 4 milyon edir. Bunun üstünə tələbələri və qohum-qardaşı müəllim işləyən ailələri də siz toplayın. Bir balaca real yanaşsaq, görəcəyik ki, doqquz milyonun hamısı birbaşa təhsillə əlaqəli adamlardır. Və demək ki, məşhur ifadə olan "müəllim cəmiyyətin aynasıdır” fikri saat kimi işləyir. Amma…
Amması budur ki, bu saatın geridə qalanı da var, qabağa qaçanı da, yerində qalanı da, sabit və düzgün işləyəni də. Ona görə də birmənalı şəkildə razılaşaq ki, bəli, müəllim cəmiyyətin aynasıdır.
Elə buna görə də "müəllimlərin problemləri niyə bu qədər çox qabardılır” deyib narahat olan müəllim həmkarlarıma bir sualım var: sizcə, evinizdə müəllim, təhsil adı çox çəkilməyib, polis, həkim, mühəndis, memar, dizayner, prokuror, bənna və digər sənət nümayəndələrinin adının hallanması nə qədər obyektiv olardı? Obyektiv olmazdı. Bu isə onun göstəricisidir ki, biz obyektiv cəmiyyətik.
İndi deyirsiniz, yüzminlərlə müəllim ordusu ilə, beş-on nəfər dizaynerin qazancı da eyni olsun, onlar haqqında danışılan söz-söhbətlər də…
Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə yalan danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş söymək olmaz, azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq olmaz… Bir sözlə, insana məxsus olan hisslərin heç birini bu çərçivədə görmürük və yaxın da buraxmırıq.
Elə buna görə də, bütün peşə sahələrində mütəxəssislər çalışmalıdır, onlar işə xüsusi imtahan növləri ilə qəbul edilməlidirlər, onlar dövlətə qulluq etdiklərinə görə dövlət qulluqçusu ola bilər, amma bunlar məktəbə aid deyil heç bir halda. Ərlər, atalar ailənin dolanışığı üçün başqa yerlərdə çalışıb pul qazanmalı, bu varlı ərlər və qardaşlar arvad və qızlarını daha namuslu və ədəbli yer olan məktəbə baş qatmağa göndərə bilər, bir qram savadı olmayan adam olsa da, məktəbə işə götürmək olar və s. Axı nə etsinlər, universitetlər də inkubator kimi müəllim buraxır. Valideynlərimiz də uşaqlara "oxu” deyəndə, sonda da deyir ki, "ən pis halda müəllimdən-zaddan olarsan”. İndi bu məntiqdən sonra biz nə gözləyirik, bilmirəm ki…
Lətifəsi bizdən uzaq, amma dostum Əli İbrahimbəylinin danışdığı bir əhvalatı xatırladım. Elə-belə, gülməyiniz üçün. Çox da baş sındırıb yozmağa çalışmayın.
Deyir, cəmiyyətdə üç varlığın hörməti yoxdur, amma bu üç varlıq həmişə, hamının işinə yarayır: heyvanlardan eşşəyin, tərəvəzlərdən badımcanın, insanlardan da Əliqulunun (şərti addır). Eşşək cəmiyyətdə bütün heyvanlardan çox əziyyət çəkir, insanın həmişə işinə yarayır, digər heyvanlardan daha çox döyülür, söyülür, işə buyrulur, amma Allahın sərçəsi qədər hörməti yoxdur. Hətta bu mübarək heyvanın adını da çəkəndə bir-birimizdən etika naminə üzr istəyirik. Badımcan da həmçinin, bütün fəsillərdə mətbəxdə işimizə yarayır, əksər yemək növlərində istifadə edilir, amma gəl ki, ən ucuz, ən sahibsiz tərəvəzdir. Yay gələndə o qədər hörmətsiz olur ki, camaat aparıb hörmətsiz eşşəyin qabağına tökür… Əsas məsələ Əliquludur. İstəsəniz Əliqulu tipli insanları müəllimlik sənəti ilə müqayisə edə bilərsiniz. Əliqulu məhəllədə hamının işinə yarayır, qocaların çantasını daşıyır, toy və yaslarda buyruq qulu olur, böyüyün ayağına durur, kiçiyin əlindən tutur, ən ağır işlərin altına girir, məclislərdə çay paylayır, su gətirir, aşağı başda oturur, amma gəl ki, beş qəpiklik hörməti yoxdur. Hamı ona lağ edir, hamı onu gic, bədbəxt, səy, huşu yox kimi qəbul edir. Sayılmır, dəyər verilmir…
İndi diqqətlə düşünəndə, müəllimlik sənətini Əliquluya bənzətmək olar, ya olmaz, onu da siz fikir eləyin.
Müəllim elə mənim kimi olur, Mustafa deyənə qədər, o qədər mıs-mıs edirik ki… Yazının axırı gəlib çatsa, onda deyəcəm nə istəyirəm.
Bir də yadımıza salaq müəllim adının işə yaradığı məqamları:
– çarəsizlikdən toylarımızda tamada da seçirlər;
– bəzən toylarda ənam dəftərinin yazılmasını da ona tapşırırlar;
– boşanmış ailələrin barışması üçün onu qabağa verirlər;
– satılmayan maşınlara "müəllim maşınıdır” deyib satırlar;
– elçiliyə gedəndə "biz müəllim ailəsiyik” deyirlər;
– məhkəmələrdə "mən müəllim oğluyam, atam müəllimdir” deyib hörmət gözləyirlər…
– istənilən peşə sahibinə "müəllim” deyib ona hörmətlə yanaşdıqlarını sərgiləyirlər…
– şeflərin, patronların köməkçiləri onlara "müəllim” deyib birinci olduğunu ifadə etməyə çalışırlar…
– içi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…
Bunları sadalamaqla bitirmək olmaz…
İndi gələk məramımıza…
Düzdür, əminəm ki, hələ də bilmədiniz mən müəllimin əmisi oğluyam, yoxsa ayının!
Bütün bu oxuduqlarınızın, düşünüb ağlınıza gətirdiklərinizin hamısının baiskarı müəllimdir. Yaxşılar da ona aiddir, pislər də… Cəmiyyətin yaxşılarını da onlar yetişdirir, pislərini də. Yaxşılar "bizimdir" deyib, pislərə sahib durmamaq müəllimin ən böyük yanlışdır. Çünki müəllim həmişə dünənin adamı olub. Uca səslə bir daha qışqırıram: MÜƏLLİM HƏMİŞƏ DÜNƏNİN ADAMI OLARAQ QALIR! Heç bir halda zamanla ayaqlaşmayıb. Bu günü qəbul etməyib, sabahı başa düşməyib. Həmişə dünənlərdə yaşamağa, dünənin əzabı ilə formalaşan taleyinə boyun əyib və təslim olmağı yeniliyə dəyişməyi bacarmayıb və ya istəməyib. Çünki o, dünənin adamıdır. Ona görə də bu gün ona "dünənin adamı bu günün adamına sabahı öyrətməyə cəhd edir” deyərək, bu gün ona ironiya ilə gülürlər. Çünki onun dilində "bizim vaxtımızda” ifadəsi ilə başlayan cümlədən başqa heç nə olmur.
Bəzi zirək uşaqlar var haaaa, bax əlinə dönüm onların. "İndi sizin vaxtınız deyil eee, bizim vaxtımızdır”– deyib əda ilə gedirlər haaaa, bax onları deyirəm. Müəllimlər onlara lağ edərək "Makedon”, makedonlar isə onlara "Cəbiş müəllim” deyirlər.
Diqqətlə baxanda, görürük ki, cəmiyyətin yeniliyə, dəyişimə, ən gec cavab verən zümrəsi məhz müəllimlər olub, bu gün də müəllimlərdir. Çünki müəllimlər heç zaman böyümürlər, həmişə uşaq olaraq qalırlar. Sözəbaxan, üzüyola, ədəbli, mərifətli, müti…
Sanki direktoruna nədəsə etiraz etsə, valideynin qabağında bükülməsə ac qalacaq qorxusu tarixin bütün dövrlərində müəllimi bədbəxtlər zümrəsinə aid edib. Mərd, qorxmaz, sözünün əri, "ac ol, kişi ol" kimi prinsiplərlə yaşayan Mirzə Səfər, Cəbiş müəllim kimi prototiplərlə bir yeriyən müəllim zamanla ayaqlaşa, dəyişimə, şəraitə uyğunlaşa bilmədiyi üçün "müəllim” adından başqaları – haqqı olmayanlar, dadından isə, daha doğrusu, dadsızlığından isə məhz özü – müəllim yararlanıb. Bir sözlə, "müəllim” sözü, müəllimdən başqa hamının işinə yarayır.
P.S. Müəllim peşəsi hörmətli olmasa da, əlbəttə ki, "müəllim” adı böyük addır.
Şəmil SADİQ
strateq.az