1918-ci il dəhşətinin cənubdakı izləri...
1905-1911-ci illərdə İranda baş verən inqilab zamanı xarici təbəələri qorumaq adı altında 1909-cu ildə Təbrizə girən Çar Rusiyasının qoşunları tədricən Cənubi Azərbaycanın digər vilayətlərini də ələ keçirdi. Rusiyanın əsas məqsədlərindən biri Osmanlı ilə müharibə zamanı Cənubi Azərbaycan vilayətlərini müharibə meydanına çevirmək idi. 1916-cı ildə demək olar ki, bütün Cənubi Azərbaycan vilayətləri Rusiyanın nəzarətinə keçdi. Həmin dövrdə Rusiyanın dəstəyi ilə Osmanlı dövlətinə qarşı uğursuzluqla nəticələnən qiyamdan sonra Hakkari vilayətindən 10 minlərlə xristian aysor ailəsi Cənubi Azərbaycanın qərb vilayətlərinə (Urmiya, Səlmas) köçürüldü. Cənubi Azərbaycanın yerli müsəlman əhalisi bu çağrılmamış qonaqlara yaşamaq üçün münasib şərait yaradıb ərzaq və imkanlarını onlarla böldü. Aysorlar isə bu mərhəmət və qonaqpərvərliyin əvəzini silah, güllə və qanla ödədilər..
Bretsk-Litovsk sülh müqaviləsinə əsasən İrandan, Cənubi Azərbaycandan geri çəkilməyə başlayan rus qoşunları, əllərində olan odlu silah və sursat təchizatını ermənilərə təhvil verməyə başladılar. Rusiyanın işğal etdiyi Cənubi Azərbaycan vilayətlərindən geri çəkilməsi erməni-aysor təhlükəsini daha da artırırdı. Rusların çəkildiyi bölgələrə öz qoşunlarını yeridən ingilislər silahlı erməni-aysor qüvvələrinə hər cür lojistik dəstəyi təmin edirdi. ABŞ və Böyük Britaniyanın İranda fəaliyyət göstərən diplomatik nümayəndəlikləri erməni və aysorların silahlandırılmasında yaxından iştirak edir, onların təşkilatlandırılmasına şərait yaradırdılar. 1917-ci ildən başlayan, 1918-ci ilin əvvəllərindən etibarən daha da intensivləşən erməni-aysor hücumları nəticəsində minlərlə azərbaycanlı qətlə yetirildi. Qətliamlar xüsusilə Cənubi Azərbaycanın qərb vilayətlərində daha dəhşətli şəkildə həyata keçirilirdi. Silahlı erməni quldur dəstələri xristian aysorlarla birlikdə yerli müsəlman əhaliyə qarşı misli görülməmiş qırğınlar törətdilər. Urmiya şəhəri soyqırımın ən dəhşətverici şəkildə həyata keçirildiyi bölgə idi. 1918-ci ilin fevralından etibarən şəhərdə başlayan qırğınlar zamanı minlərlə azərbaycanlı xüsusi qəddarlıqla öldürüldü. Qətliam zamanı erməni-aysor birləşmələrindən başqa çar ordusunun qalıq əsgərləri və bir çox ingilis qüvvələri də aktiv şəkildə fəaliyyət göstərirdi. Birləşmiş xristian qüvvələrinin başlıca məqsədi bölgədə yaşayan müsəlman əhalini məhv etməklə Osmanlı irəliləyişinin qarşısını almaq, İranın şimal vilayətlərində (Cənubi Azərbaycanda) qondarma "Erməni dövləti”-nin yaradılması üçün zəmin hazırlamaq və Bakını neftini ələ keçirmək üçün əlverişli şərait yaratmaqdan ibarət idi. Vəhşiləşmiş erməni-aysor-rus qüvvələri qadın, uşaq, qoca demədən minlərlə azərbaycanlını müxtəlif işgəncə üsulları ilə qətlə yetirirdilər. Soyqırımın qarşısını almaq məqsədi ilə Xəlil paşanın başçılığı altında Osmanlı qoşunları Urmiya istiqamətində hərəkət edərək Cənubi Azərbaycan ərazilərinə daxil oldu. Yerli müsəlman əhalisinin təşkil etdiyi müdafiə dəstələri ilə birləşərək erməni-aysor birləşmələrinə qarşı uğurlu əməliyyatlar keçirən Osmanlı qoşunları Cənubi Azərbaycan şəhərlərində baş verən qırğınların qarşısının alınmasında böyük rol oynadı. Birləşmiş xristian qüvvələri tədricən məhv edildilər. 1917-1918-ci il Cənubi Azərbaycanda Böyük Britaniya, ABŞ və Rusiya kimi böyük qüvvələrin himayəsi altında erməni-aysor qüvvələri tərəfindən baş verən qətliamlar zamanı təxminən 200 mindən çox azərbaycanlı öldürüldü. Bunun təkcə 100 min nəfərini Urmiya və ətrafında qətlə yetirilən yerli müsəlman azərbaycanlılar təşkil edirdi. Qətliamların yaşandığı digər bölgələr Səlmas, Qaradağ, Xoy, Sulduz vilayətləri oldu. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilən vəhşiliklər erməni vandalizminin necə alçaq və murdar şəkildə özünü biruzə verməsini bir daha sübut etdi. Hadisələr zamanı: