Son vaxtlar təhsil şöbələrinin ləğv edilərək, onların bazasında regional təhsil idarələrinin yaradılması barədə məlumatlar yayılır. "Biz buna hazırıqmı?”, "bu, bizə nə vəd edir?” kimi suallar çoxlarını düşündürür.
AzEdu gözlənilən prosesin nə ilə nəticələnəcəyini təhsil eksperti Nadir İsrafilovla müzakirə edib. O bildirib ki, hansısa irəliləyişə nail olmaq üçün bu tələskənliyə yol vermək düzgün olmazdı:
"Düzdür, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması kimi hədəfləri əhatə edir.
İdarəetmənin rasionallaşdırıması, optimallaşdırılması, təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinəuyğunlaşdırılmasıistiqamətində müəyyən işlər görülüb və bu proses davam etməkdədir.
Buna misal olaraq Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinintəkmilləşdirilməsi haqqında əlavə tədbirlər” lə bağlı son fərmanını da göstərmək olar”.
Ekspert bildirib ki, Fərmana əsasən, Nazirlər KabinetinəTəhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsi və onun funksiyalarının nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsi ilə bağlı bir ay ərzində tədbir görülməsi tapşırılıb:
"Həmçinin Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, eləcə də Respublika Bədən Tərbiyəsi Mərkəzi və "Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi istiqamətində görülən işlərlə bağlı 1 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.
Amma bu məsələdə vəziyyət fərqlidir. Yəqin, çoxları ölkə başçısının 2014-cü il iyulun 24-də imzaladığı sərəncamı xatırlamamış olmaz. Bu sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması üçün göstəriş belə verilmişdi. Amma indiyədək bu, müəyyən səbəblərdən hələ də reallaşmayıb”.
Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub:
"2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə hesablanmasınabaşlanıb.
Deməli, hansısa real problemlər həllini tapmalıdır. O vaxt Bakı şəhəri üzrə təhsil idarəsinin də regional prinsip əsasında formalaşdırılması layihəsi hazırlanmışdı. Bakının 12 rayonu "Şimal”, "Cənub”, "Qərb”və "Mərkəz” zonalarına – yəni, hər birində 4 rayon olmaqla bölünməsi təklif olunurdu. Məsələn, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarının bir reqional zonada digərlərinin isə ərazi baxımından digər regional zonada birləşdirilməli idi. Lakin bu da baş tutmadı. Bu dəyişiklik yalnız idarənin metodiki mərkəzinə və mühasibatlığa şamil edildi.
Təhsil şöbələrinin ləğv edilərək, onların bazasında regional təhsil idarələrinin yaradılması məsələsi mütəxəssislərin, hətta ictimai rəyin dərindən öyrənilməsi, geniş təhlil edilməsi və ümumiləşdirilərək yekun qərarın verilməsini tələb edir. Biz buna hazırıqmı? Bu təhsilə nə vəd edir...?
Əgər məsələ bu qədər təcili və ciddi mahiyyət daşıyırsa, onda ilk növbədə pilot layihə kimi paytaxtdan başlamaq lazımdır. Müsbət nəticələr əldə edilsə, bütün Respublika üzrə tətbiqinə başlanıla bilər. Hər halda bu mənim subyektiv fikrimdir”