Bu günlərdə "Whatsapp” sosial şəbəkəsində yayılan bir mesaj geniş müzakirələrə səbəb olub. Adını bildirməyən ibtidai sinif müəlliməsi hazırda keçirilən tədris üsulu ilə bağlı belə bir yazı ilə çıxış edib. Həmin yazını sizə təqdim edirik:
"Mən bir ibtidai sinif müəllimi kimi ibtidai təhsil səviyyəsində tədris olunan fənlər üçün tərtib edilmiş məzmun standartları və dərsliklər haqqında müəyyən təklif və iradlarımı bildirmək istərdim. Azərbaycan bölməsi üzrə ibtidai siniflərdə 9 fənn tədris olunur. Hazırda birinci sinfə dərs deyirəm. Deməli, cəmi iki aydır məktəbə gələn, əli yenicə qələm tutmağı öyrənən, 10-12 hərf keçən şagirdə məqsəd və intonasiyaya görə cümlənin növlərini,söz birləşməsi və cümlənin fərqini , ismi, sifəti, feli (ad, əlamət, hərəkət bildirən sözlər ), sait və samit səsləri, sadə və mürəkkəb, yaxınmənalı və əksmənalı, paronim sözlərin, nəzmin və nəsrin nə olduğunu öyrədirəm. Deyək ki, hər hansı bir hərfi keçirəm. Mənim əsas məqsədim o olmalıdır ki, 27 uşağın hamısı hərfi tanısın, yadında saxlasın, o hərfi düzgün yazsın və dərslikdə verilmiş sözləri düzgün oxusun. Ancaq verilmiş digər standartlar mənə imkan vermir ki, mən uşağı sırf bu istiqamətdə inkişaf etdirim. Hərfin öyrədilməsi üçün ayırdığım vaxtdan kəsib uşağa hələ ki, lazım olmayan informasiyalar verirəm. Sanki harayasa tələsirik. 2 aydır məktəbə gələn uşağa imkan verin oxumağı, yazmağı öyrənsin. Uşaq cümləni asta-asta, hecayla oxuyur,təbii olaraq hələ oxuduğunu dərk etməyi bacarmır, uşaqdan soruşulur ki, oxuduğun cümlə sual cümləsidir, yoxsa nida cümləsi? Mən çox gözəl bilirəm ki, Azərbaycan dili fənni üzrə 4 məzmun xətti var və hər biri üzrə inkişaf olmalıdır.Ancaq bu dərəcədə yox. Uşaq öhdəsindən gəlsə belə, biz onu çox yükləyirik, uşağın sağlamlığını əlindən alırıq. Riyaziyyat dərsində təzəcə 10 rəqəmi öyrənmiş,əli ilə güclə toplayıb - çıxmağı öyrənən uşağa tənlik necə həll olunur, məchul azalan, çıxılan, məchul toplanan necə tapılır, bunları öyrətməyə çalışıram. Bunlar azmış kimi, ingilis dilində hər dərs 10 yeni söz və həmin sözləri cümlədə işlətmək tapşırılır. Bəs bütün bunların birinci sinif uşağı üçün çətin olduğunu bilə-bilə nə üçün öyrədirik? Bilirik ki, hər fənn üzrə məzmun standartları vardır. Məzmun standartı dövlət tələbidir, yəni heç bir müəllim dövlətin tələbinə qarşı çıxa bilməz, bizə hansı proqram verilirsə, o proqram üzrə də öyrədirik. Digər ən böyük problemimiz ondan ibarətdir ki, standartda verilən dil qaydalarına aid dərslikdə heç bir informasiya yoxdur. Birinci sinifdə heç yoxdur. Digər siniflərdə isə dərslikdə verilən dil qaydaları olduqca azdır. Dil qaydaları, verilən tapşırıqların həlli yolları dərslikdə olsa, valideyn dərsliyə baxar və orada olan qaydaları uşağına öyrədər. Kurikulumda deyilir ki, şagird qaydalarla, təriflərlə, söz yığını ilə yüklənməməlidir. Metodik vəsaitdə isə qeyd olunur ki, şagird cümlənin növlərini, sait və samit sasləri fərqləndirməli və sadalamalıdır və s. Dərslikdə də elə tapşırıq verilir ki,şagird onun qaydasını bilməzsə,tapşırığı yerinə yetirə bilməz. Bir yandan deyirik ki,valideyn dəstək olmazsa, uşaqda inkişaf olmaz. Bəs dərslikdə heç bir öyrədici informasiya yoxdursa, valideyn haradan bilsin ki,uşağa nə öyrədilməlidir? Müəllim sinifdə öyrədir, deyək ki, 15 şagird sözü göydə tutur. Axı uşaq var ki, gərək evdə də valideyn sinifdə deyiləni deyə. İngilis dili kitabında ancaq şəkilləri görürük, müəllimə də deyilir ki, dəftər tutdurma. Həftədə bir dəfə ingilis dili dərsi var. Sinifdə sözü deməklə uşaq onu əzbərləyə, hətta cümlədə işlədə bilərmi? Əlbəttə ki, yox. Valideynlərin də əksəriyyəti savadsızlığı ucbatından məcbur olur uşağını hər ay 50-100 manat pul verərək əlavə hazırlıqlara qoysun. Bizim oxuduğumuz dövrdə hazırlığa gedən uşaq var idi?! İndi dərsdən sonra 10-15 uşaq hazırlığa qalır. Günah müəllimdə deyil. Uşaq öyrənə bilmir, çatdıra bilmir. Sizcə, ibtidai sinif şagirdinin qarşısına bu qədər ağır standart qoyulması düzgündürmü? Qızım ikinci sinifdə oxuyur. Oturub uşaq qarşımda, səhərə musiqi dərsi var. Deyirəm stakkato nədir, dinamika, leqato, liqa, solo, mezzo forte, mezzo piano, çərək not, bütöv not, bütöv pauza nədir ? Bəlkə 3 saat danışıram, danışıram, yenə də uşaq dediyim terminləri nəinki izah etmək, heç adını yadında saxlaya bilmir. Özünüz təsəvvür edin, 9 fənnin hər biri maksimum dərəcədə çətin olarsa, uşaq necə bunun öhdəsindən gələ bilər ki? Uşağı danlayıram, sonra düşünürəm ki, bu, uşağın günahı deyil. Günah ikinci sinif şagirdini bu cür ağır dərslərlə yükləyən pedaqoqlardadır. Sinfə daxil olmayan, sinifdəki şagirdlərin hər birinin fərqli qavrayışa sahib olduğunu görməyən, tədris zamanı hansı çətinliklərlə rastlaşdığımızı görməyən bir insan standart hazırlamamalıdır. O standartı tərtib edən şəxslərə təklif edərdim ki, sizlərə 30-35 uşaq və 45 dəqiqə vaxt verək. Reallaşdırın görək, o cür ağır standartı bir dərsə reallaşdıra bilərsinizmi? İnanın ki, uşaqlar məktəbə gəlmək istəmir. Biz ibtidai sinifdə oxuyanda bu qədər yüklənməmişik. Birinci, ikinci sinifdə əsasən oxu və yazı bacarıqları formalaşdırılırdı. Zaman-zaman digər anlayışları da öyrənirdik. Yaş səviyyəsi deyilən bir şey var. Birinci sinifdə çətinlikə, uşağa zülm edə-edə öyrətdiyimiz materialı, ikinci-üçüncü sinifdə daha rahatlıqla öyrədə bilərik. Bir də məktəbəhazırlıq qrupları açılandan sonra bəzi valideynlər uşağın adını həmin hazırlıq qrupuna yazdırır, lakin gətirmir. Həmin uşağın da adı hazırlıq qrupunda olduğu üçün imtahansız məktəbə qəbul olunur. 5 yaşlı uşağa yuxarıda qeyd etdiyim çətin materialı izah etmək qeyri-mümkündür. Çox istərdim ki, 5 yaşlı uşaqlar hazırlıq qrupuna yazıldıqdan sonra davamiyyətinə və nəticəsinə baxaraq məktəbə götürülsün. Qeyd etdiklərim bütün ibtidai sinif müəllimlərinin qarşılaşdığı real problemlərdir. Mənim bir müəllim kimi bu qədər yükləndikləri üçün ibtidai sinif şagirdlərinə yazığım gəlir. Məzmun standartları və həmin standartlara uyğun hazırlanmış dərsliklər sadələşdirilməlidir”.xeberle.com