AzTehsil.com


Xəbərlər
30 mart 2017
3 408


İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq



İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

 

İbtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq.
 
Aztehsil.com xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ibtidai siniflərin "Azərbaycan dili" dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, "Musiqi" və "Təsviri incəsənət" dərsliklərinə isə ağır terminlərin daxil edilməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: "Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir".
 
Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi ilə də razılaşan A.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində belə hallar tədricən aradan qaldırılır:
 
"Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, "Musiqi" dərsi mahnı oxumaq, "Təsviri incəsənət" dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır".
 
A.Əhmədov qeyd edib ki, "Musiqi" və "Təsviri incəsənət" fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirilməkdir:
 
"Biz həm də şagirdin şəxsiyyət kimi formalaşdırılmasından danışırıq. Şəxsiyyət o demək deyil ki, o, fizikanı, riyaziyyatı bilir. Onun başqa keyfiyyətləri də olmalıdır. Uşaq bilməlidir ki, kvartet, orkestr, trio nədir. Bu, onun ümumi dünyagörüşünə təsir edir".



Загрузка...