"Yalnız biznesin inkişafı, biznesə toxunulmazlıq şəraitinin yaradılması istehlakçıların kütləvi və tədrici zəhərlənməsinə gətirib çıxarıb”.
"Məktəb bufetlərində qadağan olunan qidalar aşkarlanarsa, valideynlər Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Bu qurum iş aparmalı və onları satışdan çıxarmalı, cavabdeh şəxslər isə cəzalandırılmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov qadağan olunan şirniyyatların məktəb bufetlərində satışı haqda danışarkən deyib. O qeyd edib ki, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi 5 il öncə məktəb bufetlərinin standartlarını hazırlayıb.
Bu standartlara əsasən, qazlı, energetik içki, müxtəlif kolbasa və digər məhsulların befetlərdə satışı qadağan olunub:
"Amma indi monitorinq aparsaq, 50% məktəblərdə həmin malların satıldığını görərik. Bu hal xüsusilə də rayon yerlərində aşkarlanacaq”.
Onun sözlərinə görə, bu qadağalara əməl olunmamasının məlum səbəbləri var:
"Agentliyin bəzi məhsulları qadağan etməsinə baxmayaraq bunun məktəb bufetlərində mövcud olması təbiidir. Çünki ölkədə mükəmməl istehlakçı şəraiti formalaşmayıb. İstehlakçıların hüquqularını qoruyan qanunlar zəifdir. Yalnız biznesin inkişafı, biznesə toxunulmazlıq şəraitinin yaradılması istehlakçıların kütləvi və tədrici zəhərlənməsinə gətirib çıxarıb.
İllər boyu istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti heç bir işlə məşğul olmayıb. O, istehlakçı hüquqlarını qorumaq üçün heç bir iş görməyib. Ona görə də bu təhlükəli məhsullar həyatımızın bütün sferalarına daxil olub”.
"Azərbaycan məktəblərində böyük tənəffüs uşaqların normal qidalanmasına şərait yaratmır”.
O, valideyn komitələrini uşaqların normal qidalanmasına nəzarət etməyə çağırıb:
"Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bir sıra malların satışının qarşısının alınması ilə bağlı məsələ qaldırıb. Düşünürəm ki, ictimaiyyət bu işə dəstək verməlidir. Xüsusilə də valideyn komitələri bu işdə diqqətli olmalı, məktəb bufetlərində monitorinqlər aparmalıdırlar. Uşaqların təhlükəsiz qida ilə təmin olunmasına nəzarət edilməlidir”.
"Məktəb dəhlizlərində avtomatik meyvə satan qurğuların qoyulmalıdır”
"Mən dəfələrlə demişəm ki, Azərbaycan məktəblərində böyük tənəffüs uşaqların normal qidalanmasına şərait yaratmır. Çünki vaxt az, uşaq isə çoxdur. Ona görə də məktəb dəhlizlərində avtomatik meyvə satan qurğuların qoyulmasını təklif etmişəm. Belə olsa, uşaqlar meyvə ilə qidalanacaqlar”.
Onun sözlərinə görə, qonşu ölkələrdən gələn şirniyyatların tərkibində onlara dad, qoxu verən, uzun müddət saxlanmasına kömək edən kimyəvi maddələr var. Bu inqridientlər hər kəs, xüsusilə də, həssas uşaq orqanizmi üçün zərərlidir.
"Bəs məktəb bufetlərində bu məhsullarla qarılaşan valideynlər nə etməlidirlər?”
"Məktəb bufetlərində bu qidalar aşkarlanarsa, valideynlər Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Bu qurum iş aparmalı və onları satışdan çıxarmalı, cavabdeh şəxslər isə cəzalandırılmalıdır”.
Qeyd edək ki, AQTA artıq mağazalarda "Ozmo”, "Eti”, "Puf”, "Popkek limon”, "Popkek banan”, "Şölen”, "Tutku”, "Oqopoqo”, "Monte Lemo”, şirniyyatları satılmaması ilə bağlı göstəriş verib. Məhsulların satışına qadağa qoyulmasına səbəb isə onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.