Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ
"Uşaqlara qablaşdırılmış Yeni il hədiyyələri alan valideynlər aldıqları hədiyyələri açıb içindəkilərə baxmalıdır".
Aztəhsil.com xəbər verir ki, bunu "report"a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, hər il bayram şənliklərində ekzotik qutularla yararlılıq müddəti keçmiş mallar qablaşdırılır və istehlakçılara verilir:
"Valideynlər isə bu hədiyyələri alır, verir uşaqlara, özlərinin başı şənliyə qarışır, uşaqları nəzarətsiz qoyurlar və zəhərlənmə halları baş verir".
E.Hüseynovun sözlərinə görə, bütün hallarda valideynlər qutuda uşağa nəsə alanda ilk özləri açıb baxmalıdır:
"Hətta ola bilər yararlılıq müddəti keçməsin, amma məhsul xarab olmuş olsun. Belə hallarda da istehlakçının 14 gün ərzində həmin halları qaytarmaq və pullarını geri almaq, həmçinin şikayət etmək hüququ var".
Birliyin sədri onu da qeyd edib ki, qeyd olunan məsələ ilə bağlı vəziyyət ildən-ilə yaxşılaşır:
"Amma problem hələ də qalmaqdadır. Dəyərindən iki dəfə baha satılan bu hədiyyələrə nəzarət güclənməlidir".
Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev də açıqlama verib. O bildirib ki, əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsullar satışda olub:
"Əvvəllər vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsi faktı olub. İndi isə sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət olarsa, şikayət araşdırıla bilər. Mərkəz ilin sonundan qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Çünki bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək".