İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinin genişmiqyaslı öyrənilməsinə dair hesabatını açıqlayıb. "Təhsil və Təlimin Beynəlxalq Tədqiqatı" (Teaching and Learning International Survey, TALIS) adlı hesabatın təqdimatında Britaniya təhsil sisteminin digər ölkələrlə müqayisədə üstünlüyündən bəhs olunub. Sinqapurun təhsil sisteminin uğurları, bu ölkənin gənc məktəblilərinin bütün dünyada riyaziyyatın öyrənilməsində çox yüksək nəticələr göstərməsi xüsusilə qeyd olunub. Bununla belə, keyfiyyət və təhsil xidmətləri qiymətləri arasında ən yaxşı nisbətin Finlandiyada olduğu vurğulanıb. Bildirilib ki, Finlandiya müəllimlərinin peşəkarlığı sayəsində bu ölkənin şagirdləri məktəblilərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi beynəlxalq proqramlarında (Programme for International Student Assessment, PISA) yüksək ballar qazanırlar. Bu araşdırma müxtəlif ölkələrdən olan şagirdlərin biliyini və qazanılan bilikləri təcrübədə tətbiq edə bilməsi bacarığını əks etdirir. Qeyd olunur ki, Finlandiyada müəllimlərin əməkhaqları o qədər də yüksək deyil və onlar nisbətən böyük siniflərdə dərs keçirlər. Hesabatda Finlandiyadan sonra ən effektiv təhsil verən ölkələr sırasında Koreya, Çexiya, Macarıstanın adları çəkilir. Braziliya və İndoneziyanın təhsil sistemləri təhsil xidmətlərinin qiyməti və keyfiyyəti nisbətinin ən aşağı göstəricilərini nümayiş etdirib. Əldə olunmuş nəticələrin əlyetərliyi nöqteyi-nəzərdən hesabat müəllifləri bütün dünyada müəllim işinin xüsusiyyətlərinin necə dəyişməsini əyani göstərmək üçün bu nəticələrdən istifadə ediblər.
Ən yüksək əməkhaqqını İsveçrə müəllimləri alır
OECD-yə üzv ölkələrdən ən yüksək əməkhaqqını İsveçrə müəllimləri alır. Müəllimin illik gəliri bu ölkədə 68000 dollardır. İsveçrədə orta illik əməkhaqqı isə 50000 dollardır. İsveçrədən sonra ən yüksək əməkhaqqı Niderland, Almaniya və Belçikadadır. Lider ölkələrlə müqayisədə Böyük Britaniya müəllimlərinin illik orta əməkaqqı 44000 dollardır. Almaniya 30 OECD ölkəsi arasında müəllimlərin əməkhaqqına görə 13-cüdür. Fransada müəllimin illik orta əməkhaqqı 30000 dollardır. Yunanıstanda isə müəllimlər ildə 25000 dollar qazanır.
Məktəblərdə ən çox müəllimin olduğu ölkələr
Hesabata görə, Braziliyada orta hesabla hər bir müəllimə 32, Portuqaliyada isə 8 şagird düşür. Norveç və Yunanıstanda nisbətən böyük siniflər mövcuddur. Böyük Britaniya bir müəllimə düşən şagirdlərin sayına görə öndə olan ölkələrin siyahısında 14-cü yerdədir. Tədqiqat göstərib ki, əgər Böyük Britaniya hökuməti Finlandiyanın effektiv təhsil sisteminə çatmaq istəyirsə, buna hər müəllimə düşən şagird sayını 13-dən 16-ya çatdırmaqla nail ola bilər.
Müəllimlərin iş saatı
TALIS (Teaching and Learning International Survey) tədqiqatı göstərib ki, Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla həftədə 46 saat işləyirlər, bu isə müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr edirlər. Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər.
Qadın müəllimlərin sayına görə lider ölkə
Qadın müəllimlərin sayına görə Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada 81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 və s. faizini təşkil edir. Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və Yaponiyanı (39 faiz) misal göstərmək olar. Müəllimlərin orta yaşı aşağıdakı kimi dəyişir: İtaliyada - 48,9, Estoniyada 47,9, Bolqarıstanda 47,4 yaşdır. Ən gənc müəllimlər isə Malayziyada (38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) (38,7), Sinqapurda (36) işləyir.
Hansı ölkədə ali təhsilli müəllimlər çoxdur?
Ali təhsilli müəllimlər Avstraliyada (99,9 faiz), Polşada (99,9 faiz), Koreyada (99,8 faiz) üstünlük təşkil edir. Xorvatiyada ali təhsillilər 82,3, Çilidə 81,6, İtaliyada 80,5 faiz təşkil edirlər. Ən yaxşı pedaqoji staja malik müəllimlər Latviyada (22 il), Estoniyada (21,6 il), Bolqarıstanda (21,5 il), İtaliyada (19,8 il), Portuqaliyada (19,4 il), İspaniyada (18,3 il) çalışır. Bir qədər az təcrübəli müəllimlər Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri) (12,8 il), İngiltərə (12,4 il), Sinqapurdadır (9,7 il).
Həftə ərzində müəllimlərin tədrisə daha çox vaxt ayırdığı ölkələrə Çili (26,7 saat), Braziliya (25,4 saat), Meksika (22,7 saat) Finlandiya (20,6 saat), İngiltərə (19,6 saat), Fransa (18,6 saat) və daha az vaxt ayrılan ölkələr isə Niderland (19,9 saat), Rumıniya (16,2 saat) və Norveçi (15 saat) göstərmək olar.
Müəllimlər haqqında əlavə faktlar
Təhsilin inkişafına daha çox vəsaiti ABŞ hökuməti ayırır - 809 milyard dollar. Daha sonra Yaponiya (160 milyard dollar), Almaniya (154 milyard dollar), Braziliya (146 milyard dollar), Fransa (123 milyard dollar), Böyük Britaniya (123 milyard dollar) gəlir. BMT-nin açıqlamasına görə, 2015-ci ilə qədər əlavə olaraq 8 milyon müəllimə ehtiyac yaranacaq. Beynəlxalq tədqiqata əsasən, müəllimlərin 68 faizi qadınlardır, müəllimin orta yaşı isə 48 yaşdır. Müəllimin orta iş həftəsi 38 saatdır. Müəllimlərin daha çox işlədiyi Yaponiyada həftəlik iş 54 saat təşkil edir.
Oruc MUSTAFAYEV Azərbaycan müəllimi.- 2014.- 3 oktyabr.- S.6.