Pedaqoji fəaliyyətin düzgün qurulması müəllimin pedaqoji bacarıq və vərdişlərə sahib olmasından çox asılıdır. Belə ki, müəllim dərin biliyə, yaradıcılığa, geniş təfəkkürə malik olmaqla bəra-bər, həm də öz biliyini şagirdlərin malı etməyi bacarmalıdır.
Pedaqoji ədəbiyyatların bir qismində müəllimin ümumi pedaqoji bacarıq və vərdişləri fərqləndirilir.
Məsələn, pedaqoji bacarıq və qabiliyyətlər belə qruplaşdırılır:
1) Məlumatverici bacarıq və vərdişlər;
2) Səfərbəredici bacarıq və vərdişlər;
3) İnkişafetdirici bacarıq və vərdişlər;
4) İstiqamətləndirici bacarıq və vərdişlər.
Məlumatverici bacarıq və vərdişlər dedikdə, müəllimin ilk növbədə hər hansı bir elmi materialı didaktik yolla şagirdlərə çatdıra bilməsi başa düşülür. Bunun üçün müəllim həmin materialı şagirdlərin başa düşəcəyi səviyyədə qurmalı, didaktik məsələləri seçməli, onların tətbiq olunma və aşılanma yollarını hazırlamalı və şagirdlərə çatdırmalıdır.
Müəllim tədris materialını şagirdlərə çatdırmaq üçün müvafiq metodlar seçib müəyyənləşdirməli, təlimin texniki vasitələrindən və əyanilikdən istifadə etməlidir. Həmçinin onların inkişaf sistemini hazırlamalıdır.
Bunlarla birlikdə proqramlaşdırılmış, alqoritmləşdirilmiş, interaktiv və başqa formalardan, təlim ünsürlərindən istifadə etməklə bərabər, dərsdə əks-əlaqəni yaratmağı da unutmamalıdır.
Müəllimin danışığı şagirdlər üçün aydın olmalıdır. O, məntiqi, qısa və ifadəli danışmağı bacarmalıdır. Müəllim ekskursiyanın növlərindən istifadə etməklə onların təşkilini həyata keçirməyi, tədris emalaxanalarında şagirdlərin işini təşkil etməyi bacarmalıdır.
Müəllimin pedaqoji bacarıq və vərdişlərindən biri də səfərbəredici bacarıq və vərdişlərdir. Şagirdlərin diqqətini səfərbər edib əsas obyektə-təlimə yönəltmək, onlara öyrənməyi öyrətmək, aldıqları biliyi praktikaya tətbiq etmək bacarığı aşılamaq, öz işini planlaşdırmağı bacarmaq və s. səfərbəredici bacarıq və vərdişlərə aiddir. Onu da bilmək lazımdır ki, bu fəaliyyət formaları ilk növbədə müəllim tərəfindən icra edilməli, şagirdlər isə onun iştirakçısına çevrilməlidirlər.
Müəllimin inkişafetdirici bacarıq və vərdişləri dedikdə isə, ilk növbədə şagirdlərdə təfəkkürün inkişafına kömək edən metodlardan, formalardan istifadə etməyi bacarmaq başa düşülür. Şagirdlərin əqli fəaliyyətini inkişaf etdirmək məqsədilə problem – situasiyalar yaratmaq, onlara qazanmış olduqları bilikləri tətbiq etməyi öyrətmək, əqli nəticə çıxarmağa, müqayisə aparmağa kömək edən sual və tapşırıqların icrasına istiqamətləndirmək bu qəbildəndir.
İstiqamətləndirici bacarıq və vərdişlər dedikdə isə, müəllimin şagirdlərə düzgün məsləhətlər verməsi, müdrik istiqamətlər verməsidir. Xüsusilə uşaq və yeniyetmələr müəllimin istiqamətverici məsləhətlərinə ehtiyac duyurlar.
Müəllimin pedaqoji bacarıq və vərdişlərinə şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq, onlarda tədris fəaliyyətinə, əməyə, peşəyə maraq yaratmaq, şagirdlərin ahəngdar inkişafına nail olmaq və s. aiddir. Ümumiyyətlə, qeyd olunan pedaqoji bacarıq və vərdişlər düzgün yerinə yetirilərsə, şagirdlərin intellektual səviyyəsinin artmasına səbəb olar. Bunlarla bərabər, təlim prosesində müvəffəqiyyət əldə etmək üçün müəllim pedaqoji qabiliyyətə də malik olmalıdır. Qabiliyyət müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına əsas verir. Pedaqoji qabilıyyət özünü ən çox təlim prosesində göstərir.
Pedaqoji qabiliyyətə malik olmayan müəllim heç bir müvəffəqiyyətdən söz aça bilməz. Müəllim uzunmüddətli fəaliyyəti əsasında yiyələndiyi bilik, bacarıq və vərdişlərin, əldə etdiyi məlumatların toplusu nəticəsində təlim-tərbiyə prosesini səmərəli təşkil edə bilir ki, bu da pedaqoji qabiliyyət hesab edilir.