1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır
Azərbaycanda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.
Aztəhsil.com-un Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1663 dövlət və 87 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118,7 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,2 faizi tərbiyə alır.
2017/2018-ci tədris ilinin əvvəlinə ölkənin 4410 dövlət və 28 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb.
Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.
Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,8 faiz olub.
2017/2018-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 59,8 min nəfər olan 111 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.
Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 585 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 95 min nəfər şagird təhsil alır.