Azərbaycanda bu xəstələrin sayı sürətlə artır, həkimlər isə...
Son 6 ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayı sürətlə artıb, bu xəstələrə xidmət göstərən mütəxəssislərin sayı isə azalıb.
Məlumata görə, bu, Hesablama Palatasının 1 yanvar 2011-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək şəkərli diabet üzrə dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin və nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə təhlilində əksini tapıb.
Ekspert-analitik tədbirin məqsədi şəkərli diabet xəstəliyi üzrə 2011-2015-ci və 2016-2020-ci illər üçün Dövlət Proqramları çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin və nəzərdə tutulmuş tədbirlərin icrasının təhlili olub. Şəkərli diabet xəstələrinə xidmət göstərən mütəxəssislərin sayı 2011-2015-ci ilərdə ümumilikdə 23 nəfər azalmaqla hər min nəfər şəkərli diabet xəstəsinə xidmət göstərən mütəxəssislərin sayı 2011-ci ildə 2,33 nəfər, 2015-ci ildə isə 1,4 nəfər olmuş, təhlil aparılan illərdə bəzi rayonlarda həmin mütəxəssislərin sayının artması, bəzi rayonlarda isə həkim mütəxəssislərin olmaması barədə məlumat verilib.
Respublika üzrə qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 2011-ci ildə 135715 nəfər olmaqla əhalinin 1,47%-i, 2012-ci ildə 153506 nəfər olmaqla əhalinin 1,64%-i, 2013-cü ildə 177474 nəfər olmaqla əhalinin 1,87%-i, 2014-cü ildə 194520 nəfər olmaqla əhalinin 2,03%-i, 2015-ci ildə 209377 nəfər olmaqla əhalinin 2,16%-i, 2016-cı ildə 226945 nəfər olmaqla əhalinin 2,31%-ni təşkil edib. 4. 2011-2016-cı illərdə əhalinin artımı 574881 nəfər və ya 6,2%, qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı üzrə artım isə 91230 nəfər və ya 67,2% olub. Şəkərli diabet xəstələrinin ümumi əhali sayındakı xüsusi çəkisi 2011-ci ildə 1,47%, 2016-cı ildə isə 2,31% olmuş, 2011-2016-cı illərdə yeni qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı əhalinin müvafiq olaraq 0,24-0,26 faizini təşkil edib.
Şəkərli diabet xəstələrinin 2015-ci ildə 44,5%-i, 2016-cı ildə 39,2%-i xəstəliyin ağırlaşmış forması üzrə qeydiyyata alınıb, şəkərli diabet xəstəliyi ilə vəfat edənlərin sayı 2015-ci illə müqayisədə 2016-cı ildə 167 nəfər artıb. 2011-2016-cı illərdə qeydiyyata alınmış şəkərli diabet xəstələrin 0,57%- 0,59%-i 0-17 yaş arasında, 4,54%-4,76%-i 18-35 yaş arasında, 21,85%-23,35%-i 36-50 yaş arasında, 39,22%-39,32%-i 51-65 yaş arasında, 33,81%- 31,98%-i 65 yaşdan yuxarı yaşda olan əhali üzrə olmuşdur, eyni zamanda təhlillə əhatə olunan illərdə ayrı-ayrı yaş qrupları arasında qeydiyyata alınmış şəkərli diabet xəstələrin ümumi xəstə sayında xüsusi çəkisi rayonlar (şəhərlər) üzrə müxtəlif olub.
Şəkərli diabet xəstəliyi üzrə ağırlaşma hallarının sayı 2011-ci illə müqayisədə 2016-cı ildə 14261 nəfər və ya 96,31%, ümumi xəstə sayında xüsusi çəkisi isə 2,04% artıb. Qeydiyyatda olan şəkərli diabet xəstəliyi üzrə ağırlaşma hallarının ümumi xəstə sayında xüsusi çəkisi 2011-2016-cı illərdə 17,96%-20,0% arasında olsa da, bu göstərici Bakı, Gəncə, Sumqayıt, İmişli, Siyəzən, Xaçmaz, Zaqatala, Şəki, Oğuz rayonlarında qeydiyyatda olan xəstələrin 20%-dən yüksək olub.
Şəkərli diabet xəstəliyindən baş vermiş ölüm hallarının, qeydiyyata alınmış ümumi xəstə sayında xüsusi çəkisi Beyləqan (3,38%-6,25%), Sabirabad (2,68%-7,55%), Şabran (2,73%-3,78), Qax (3,28%-6,54%) və Masallı (2,65%-8,1%) rayonları üzrə daha yüksək olub.