Azərbaycanlı tələbənin layihəsi qlobal şəbəkəyə çıxa bilər
Qərbi Kaspi Universitetinin tələbəsi Azər Nemanlı qlobal şəbəyə çıxa biləcək innovativ layihə hazırlayıb. Bu yaxınlarda Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüş layihənin məqsədi xarici dil öyrənmək istəyənlərə yardım etməkdir.
Aztəhsil.com xəbər verir ki, "Vooby” adlanan bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.
Azər Nemanlı müəlifi olduğu startup layihəni belə şərh edir:
"Bu ünsiyyət səsli və görüntülü olmaqla insanlara xidmət edir. Bura dil öyrənmək istəyənlər üçün böyük bir topluluqdur. Vooby topluluğu, öyrənmənizə kömək etmək üçün burada olan köməksevər insanlardan qurulmuşdur. Əlavə olaraq platforma hər kəsə xitab edən dərsliklərə malikdir. Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.