"Elektron Təhsil" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 26-da Təhsil Nazirliyində "Elektron Təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Məlumata görə, tədbirdə çıxış edən təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron Təhsil" respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır.
C.Bayramov qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub.
Müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti müsahibə əsasında müəyyən olunub.
Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644 iş II mərhələyə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib.
Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.
Müsabiqə "AzEduNet”, "Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, "Edumedia Azərbaycan” və "Nar” operatoru tərəfindən dəstəklənir.