Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib
Dekabrın 28-də Lənkəran Dövlət Universitetində (LDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar xeyriyyə aksiyası keçirilib.
Məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyəti və LDU-nun birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasının məqsədi rayonda yaşayan şəhid ailələrini, Qarabağ müharibəsi veteranlarını, aztəminatlı ailələri və təhsil uğurları ilə seçilən şagirdləri bayram münasibətilə sevindirməkdir.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Azərbaycanda gedən genişmiqyaslı quruculuq işlərindən danışan N.İbrahimov ölkəmizdə, o cümlədən LDU-da təhsilin inkişafı istiqamətində qazanılmış uğurlara dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı sayəsində nail olunduğunu diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edərək, rayonda yaşayan aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına daim diqqət və qayğı göstərildiyini bildirib.
İlk bayram sovqatlarını alan məktəblilər olub. 2017-ci ildə təhsil uğurları ilə seçilən, aztəminatlı ailədən olan 4 məktəbliyə - Gülnara Səlimzadə, Gülnaz İmanova, Azərin Əlizadə və Mircamal Həsənzadəyə planşetlər hədiyyə edilib.
On iki ailəyə isə bayram süfrəsinin açılması üçün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları verilib.