Vergilər Nazirliyi məktəbliləri sevindirdi
Dekabrın 26-da Vergilər Nazirliyinin təşkilatçılğı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş məktəblilər, eləcə də tədris ilində yüksək nəticələr əldə edən şagirdlər Akademik Milli Dram Teatrında "Rəqs edən pinqvinlər” adlı səhnə əsərini izləyiblər.
Teatrın Yeni il şənlikləri münasibətilə hazırladığı tamaşa maraqlı dekorasiyası və obrazları ilə uşaqları sevindirib. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, aktyorların obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də geyimlər məktəblilərin alqışları ilə qarşılanıb. İnteraktiv tərzdə qurulan tamaşada məktəblilər özlərini səhnədə baş verən hadisənin iştirakçısı kimi hiss etməklə yanaşı, nağıl qəhrəmanları ilə ünsiyyət də qura biliblər. Tamaşanın sonunda aktyorlar məktəbliləri bayram münasibətilə təbrik edərək onlara müvəfəqiyyətlər arzu ediblər. Vergilər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirə dəvət olunan uşaqlara Nazirlik tərəfindən bayram hədiyyələri təqdim olunub.
Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Yeni il şənliklərinin təşklində məqsədlərdən biri də valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, tədris ilində yüksək nəticələr əldə edən şagirdlərin təhsilə marağını stimullaşdırılmaqdır.