“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirilir.
Aztəhsil.com xəbər verir ki, BŞTİ-dən bildiriblər ki, məktəb mərhələsində Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qeyd edirlər. Məktəb mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən ən çoxu 3 şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
Müsabiqənin rayon (şəhər) mərhələsinin yanvar-fevral, ölkə mərhələsinin isə mart-aprel aylarında keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin rayon (şəhər) mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu Bakıda təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunan 10 sualı yazılı cavablandırmalıdırlar. Sonda on sualın hər biri maksimum on balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.