Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR
Sumqayıt şəhər Mərkəzi kitabxanasında görkəmli ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
Aztəhsil.com xəbərlə.com-a istinadən xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, "1 yazıçı-1kitab” layihəsi çərçivəsində keçirilən tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra C.Məmmədquluzadənin "Poçt qutusu” hekayəsi əsasında çəkilmiş qısametrajlı film nümayiş etdirilib, əsərlərindən ibarət sərgi haqqında geniş məlumat verilib, Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında "Saqqallı uşaq” hekayəsi əsasında səhnəcik göstərilib.
Həmçinin ədibin "Poçt qutusu”, "Buz”, "Saqqallı uşaq”, "Qurbanəli bəy” hekayələri ətrafında müzakirələr aparılıb, oxucuların fikirləri öyrənilib. S.Vurğun adına mərkəzi kitabxananın uşaq şöbəsinin əməkdaşları 15 saylı məktəbin 6 a sinfində Azərbaycan mütərəqqi romantizminin banilərindən biri Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar "Yerə enməm də, səma şairiyəm " adlı ədəbiyyat saatı keçirib.
Tədbirdə ədibin yaradıcılığı haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şeirləri dinlənilib, əsərlərindən parçalar oxunub. Sumqayıt MKS-nin M.Ə.Sabir adına kitabxana filialında Xalq şairi Xəlil Rza Ulutürkün 85 illiyinə həsr edilmiş "Alovlu vətənpərvər" adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqədə 35 və 39 saylı məktəbin şagirdlərinin ifasında Xalq şairinin "Ömrüm”, "Azərbaycan həsrəti”, "Oğlum Təbrizə”, "Yenə dönəcəyəm Azərbaycana”, "Ana dilim”, "Mənim şeirim”, "Gerbimiz qəlbimiz” və digər şeirləri ifa edilib.
Müsabiqədə Sumqayıt yazarları Asif Asiman, Elbrus Qayalı və Rəhilə Veysəllidən ibarət münsiflər heyətinin qərarına əsasən I yerə Aysu Agayeva və İbrahim Əliyev; II yerə Ayşən Orucova, Nuray Babazadə və Mələk Cəbrayılova; III yerə Fatimə Əkbərova, Sevil Əsgərova, Zəhra Əliyeva; həvəsləndirici yerə Nigar Quluzadə və İlahə Nəbiyeva layiq görülüblər. Sonda müsabiqə qaliblərinə kitab hədiyyə olunub.
Daha bir müsabiqə Mərkəzi uşaq kitabxanasında baş tutub. Belə ki, kitabxanada Təbiət elmləri təmayüllü gimnaziyanın 11, 12, 17 saylı ümumtəhsil məktəblərinin şagirdləri arasında "Kitab mənim sevimli dostumdur, yoldaşımdır, o mənə sirlər açan ən yaxın sirdaşımdır” adlı inşa müsabiqəsi keçirilib. Orta ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət münsiflər heyətinin qərarına əsasən 17 nəfər iştirakçının qatıldığı müsabiqədə 12 saylı məktəbin şagirdi Zeynəb Əsgərzadə I yerə, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Ləman Məmmədova II yerə, 17 saylı məktəbin şagirdi Rəna Fərəcullayeva III yerə layiq görülüblər. Qaliblər Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.
Abşeron rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü, "Zamanın əl ağacı" (2007), "Yalnız qələm dözür ağırlığıma" (2014) şeirlər kitabının müəllifi, şairə Səyyarə Məmmədlinin yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairlər Nurəddin Mirzəxanlı, Hafiz Rüstəm, Məlahət Yusifqızı, Xaliq Laçınlı, Cəfər Mehman, Xatirə Əzizqızı, Esmira Məmmədli və digərləri çıxış edərək şairəni təbrik edib, xoş arzularını çatdırıblar. Sonda Səyyarə Məmmədli tədbirin təşkilinə görə kitabxana kollektivinə təşəkkür edərək kitablarını bağışlayıb və müxtəlif illərdə yazdığı şeirlərini ifa edib.