DİM ittihamlara cavab verdi
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması zamanı hansısa subyektivliyin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bilirib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hər kəsi bu il ilk dəfə olaraq IX siniflərin buraxılış imtahanlarında tətbiq edilən yazı işlərinin yoxlanması zamanı obyektivliyi nə dərəcədə qoruna biləcəyi düşündürür: "Səsləndirilən fikirlərə əsasən, burada 2 subyektivlik ola bilər. Birincisi, yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasından ortaya çıxa bilər.
Fikirlərə görə, markerlərin pedaqoji və psixoloji xüsusiyyətinə görə nəticələrə sərt və ya yumşaq yanaşıla bilər. Nəticədə, düzgün qiymətləndirmə aparıla bilməz. Lakin mərkəz tərəfindən imtahanlarda tətbiq edilən "e-markinq” sistemi vasitəsilə subyektivlik aradan qaldırılıb.
Bu il buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanılmasında bu sistemdən istifadə edilib. IX siniflərin buraxılış imtahanları zamanı 200 min yazı işi (90 min Azərbaycan dili, 12-15 min Rus dili, 100 min Riyaziyyat) yeni sistem vasitəsilə yoxlanılıb.
Yekun nəticələr onu göstərib ki, bu sistem tam düzgündür və heç bir subyektivlik qeydə alınmayıb”.