Müəllimlər tətil günlərində niyə işə getməlidirlər? - AÇIQLAMA
“Müəllimlər üçün tətil anlayışı yoxdur”.
Bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qış tətilinin müəllimlərə aid edilməməsi ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, psixoloq, kitabxana müdiri, laborantların 29, 30, 31 yanvar tarixlərində işdə olmaları tələb olunur:
“Maraqlıdır axı, müəllimlər tətil günlərində niyə işə getməlidirlər? Yanvarın 27-dən ümumtəhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. İkinci yarımil üzrə ilk dərs fevralın 1-dən başlayacaq.
Görünür ki, müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan tarixlər əmək məzuniyyəti dövrü və istirahət günləridir. İş günü sayılmayan bayram günləri, Ümumxalq Hüzn Günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının hesabatı aparılır. Altı günlük iş rejimi ilə çalışan müəllimlər tətil günlərində altı saat, beş günlük iş rejimi ilə işləyən müəllimlərin gün ərzində yeddi saat məktəbdə, yəni iş yerində olmaları tələb edilir”.
Ekspert əlavə edib ki, qanunvericilikdə tətil uşaqlar üçün nəzərdə tutulub:
“Əmək Məcəlləsinə görə, hər bir işçi işə götürüləndə əmək müqaviləsi imzalanır. Əmək müqaviləsində işçinin hər gün işdə olma saatları göstərilir. Müəllim ştatda olan işçidir. Buna görə də hər gün məktəbdə olması ilə bağlı özü müqavilə imzalayır. Şərti olaraq hər gün səhər saat 08:00-dan 16:00-a qədər məktəbdə olmalıdır. Müqavilədə hər şey qeyd olunur.
Müəllim deyə bilər ki, mənim həftədə iki saat dərsim var. Beş gün niyə məktəbə gəlim? Çünki ştatda olan işçidir. Müqavilədə də iş saatı qeyd olunub. Azərbaycanda müəllimlərin tam və ya yarımştat məsələsi yoxdur. Dərs saatı var. Direktor altı dərsi hər gün bir saata sala bilər. Əmək müqaviləsinin tələblərinə görə, müəllim səkkiz saat işdə olmalıdır. Qanunvericilikdə də belədir ki, tətil uşaqlar üçün nəzərdə tutulub. Müəllimlər üçün deyil”.