Nadir İsrafilov - Təhsilə bağlı bütün məsələlər “TikTok”a, “Whatsapp”a daşınanda nəticəsi də bu olur.
Gəlin müəllim obrazını ümumiləşdirib, onu bu dərəcədə ucuzlaşdırmayaq…
Nədən qurtulsaq da, “Qaşınmayan yerdən qan çıxarmaq” ənənəsindən qurtula bilmirik ki, qurtula bilmirik... Sanki, qanımıza keçən bu xüsusiyyət genimizdən gəlir. Sanki, böyük faciə baş verib, bir məktəbin direktoru ilə müəllimi arasında insident baş verib. Olmamalıydı - oldu belə... Sanki, bu kimi münaqişələr digər müəssisələrdə deyil, ailədaxili münasibətlərdə deyil, təkcə məktəblərdə baş verir.
“Qrupa şeir atdım, uşaqlara öyrədin”, “Yazını vatsapda atdım”, “Düzgün cavabları vatsapda göndərin” və gündəmimizi tutan daha bir çox “Whatsapp” yazışmaları... Avropa İttifaqı qurumlarında "Tiktok" qadağası genişlənir, biz isə deyirik ki, texnologiya əsrində yaşayırıq, şagird “TikTok”dadırsa, müəllim də orada olmalıdır." Bu müəllimi şagird şıltaqlığına tabe etdirmək deyilsə, bəs bunun başqa adı nədir? Əgər, hətta dərs vəsaitlərinin belə çox zaman “Whatsapp” qrupları üzərindən göndərdiyini təqdir ediriksə, onda niyə direktorların səs yazılarının yayılmasını , “Whatsapp” qruplarından pul yığmaq üçün istifadə olunmasını yolverilməz hesab edirik?
Razılaşaq ki, texniki resurslardan istifadə etmək yaxşı haldır, ancaq unutmayaq ki, texniki resurslardan düzgün istifadə etmək, tamam başqa şey. Nə baş verirdi? Dəyərlər dəyişib, yoxsa biz dəyişmişik…? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir – məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!? Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?
Bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik. Çəkək, cəmiyyət qarşısında müəllimin nə kimi məsuliyyət daşıdığını bir daha ona xatırladaq, lakin kimlərinsə atdığı uğursuz addımlara bu qədər sevincək olmayaq, real duruma görə bir-birimizə “göz aydınlığı” verməyək.
Elə isə, gəlin emosiyaları və ambisiyaları bir kənara qoyaq, müəllim obrazını ümumiləşdirib, onu bu dərəcədə ucuzlaşdırmayaq. Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. "Ustadına kəm baxanın gözlərinə ağ gələr" – deyib böyüklərimiz…