Xaricdə verilən diplomlar Azərbaycanda hansı halda tanınacaq? - TƏHSİL EKSPERTİ AÇIQLADI
"Xaricdə alınan diplomların tanınması ilə bağlı problemlər zaman-zaman gündəmə gətirilib, bir çox hallarda məhkəmə müstəvisinin predmetinə çevrilib. Ayrı-ayrı illərdə müraciətlərdən müəyyən qismi barədə tanınma məqsədilə təqdim olunmuş diplomlar haqqında mənfi qərar qəbul edilib ki, bu da müəyyən haqlı və haqsız narazılıqlarla müşayət olunub". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, son zamanlar xarici diplomların tanınması proseduru Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir: "Agentlik isə diplomların tanınmasından imtinanın əsas səbəbi kimi şəxsin təhsil müddətində təhsil alınan ölkənin ərazisində kifayət qədər olmaması; tədris dili üzrə bilik səviyyəsinin aşağı olması; təhsil alınan universitetin akkreditasiyasız olması və s. ilə əsaslandırır. Belə ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən tanınma zamanı əsas şərt xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğun olmasıdır. Təbii ki, şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada məhkəməyə şikayət edə bilər. Buna görə dəxaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı?” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər".
Nadir İsrafilov sözlərinə belə davam edib: "Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən. Bir çox məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq nüfuz xətrinə xarici ölkələrə üz tuturlar. Baxmayaraq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” dəfələrlə bəyan edib. Bununla belə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması sahəsində müəyyən irəliləyişlər olmasına baxmayaraq, hələ də diplomların tanınmaması təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda davam edirdi.
Hazırda dünya ölkələrinin praktikası nəzərə alınıb. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqinə dair tələblər müəyyənləşib. Bu tələblər Nazirlər Kabinetinin təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapıb. Yeni tələblərə əsasən bir çox baryerlər aradan qaldırılıb. Yerləşdiyi ölkədən asılı olmayaraq, burada universitetin lizensiyasının olması, hüquqi statusa malik olması və normal şəraitdə fəaliyyət göstərməsi önəmlidir.
Hesab edirəm ki, diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya edilən yeni dəyişikliklər çeviklik və mobilliyin təmin edilməsi, uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasında müəyyən irəliləyişə səbəb olmaqla yanaşı, həm də məzuna “gedəcəyim ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?” sualına cavab tapmaqda ona yardımçı olacaqdır".