Yeniyetmələr qadın müəllimi niyə döyüb?
Bakıda qadın müəllimi və şagirdi döyən məktəblilərə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə 20 aprel 2022-ci il tarixdə, saat 08:45 radələrində Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 322 saylı tam orta məktəbdə baş verib.
Belə ki, məktəbin 9 və 10-cu sinif şagirdləri olan Cavid və Pərviz arasında mübahisə yaranıb. Həmin vaxt 9 "D” sinfinin Firudin adlı şagird də orada olub. 15 yaşlı Firudin heç bir səbəb olmadan Cavidin üz nahiyəsindən yumruqla bir neçə zərbə vurub. Bundan sonra Pərviz də Cavidi vurmağa başlayıb. 16 yaşlı Pərviz və Firudin təpik və yumruqla Cavidin üz və bədən nahiyəsinə zərbələr endiriblər.
Röyalə adlı müəllimə şagirdlər arasında dava düşdüyünü görərək, onları arırmağa çalışıb. Bu zaman Firudin təpiklə qəsdən müəllimin üz nahiyəsindən vuraraq, xəsarət yetirib.
Hadisə nəticəsində müəllim alt dodağın selikli qişasının əzilmiş yarası, burunun travmatik əzilməsi, Cavid isə bel nahiyəsinin sıyrıqları, sağ budun qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlər alıb.
Məhkəmənin hökmü ilə hər iki məktəbliyə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onlara saat 24:00-dan səhər saat 07:00-dək yaşayış tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırığı verilib.