“Narkomaniyaya birlikdə yox deyək!”
Bakı şəhəri Yasamal rayonundakı Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 nömrəli məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Ümmumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu 1 dəqiqlik sükutla yad edildi. Məktəbin direktoru Yaqut Əfəndiyeva qonaqları təqdim edərək, məktəblilər arasında profilaktik işlərin güclədirilməsində dəstəyə görə kollektiv adından polis əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov, Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov çıxış edərək, narkomaniyanın hələ də bütün dünyada qlobal problemlər sırasında olduğuna, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən bu “ağ ölüm”lə mübarizənin vacibliyinə, ölkəmizdə bu sahədə görülən ardıcıl və davamlı işlərə diqqət çəkmişlər.
Tədbirdə Narkomaniya və digər zərərli vərdişlərin insan orqanizmi üçün yaratdığı fəsadlardan geniş söhbət açılmış, bu kimi məsələlərin insan sağlamlığına mənfi təsirindən konkret və tutarlı faktlar gətirmişdir. Tədbir iştirakçıları tərəfindən o da xüsusi olaraq vurğulanmışdır ki, bu məsələ daim diqqət və nəzarət altında saxlanılmalıdır. Yekdil nəticə ondan ibarət olmuşdur ki, mütəşəkkil mübarizə tədbirlərinə baxmayaraq hələ də bu sahədə lazımı bilgilərə ehtiyac var. Sonda tədbir iştirakçılarının narkomaniyanın profilaktikası ilə bağlı bir sıra sualları cavablandırılmış, birgə əməkdaşlıq çərçivəsində bundan sonra da maarifləndirmə işlərinin davam etdiriləcəyi qərara alınmışdır.