Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsidir.
Bir öldü, min dirildi, büdrədi, amma yıxılmadı. Əmanəti qanı ilə qorudu. Ayrılmadı könül candan, unutmadı, unutdurmadı. Böyüdü, gücləndi və haqqını aldı Azərbaycan əsgəri.
Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid oğullarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik.Yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsil vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə və fəaliyyətində nümayiş etdirir. Elə buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən doğma Vətənin siyasi - iqtisadi və tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.Vətən məhəbbət, Vətənə sevgi ən ülvi hisdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Koroğlu cəngisini, Xətai qılıncını, Babək cəsarətini, Nəsimi qətiyyətini sevmək deməkdir.
Vətənə sevgi ana laylası ilə başlayır və körpə böyüdükcə onu torpağa, el-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyini, haqqında düşüncələrini daha da dolğunlaşdırır. Vətənpərvərlik tərbiyəsi hər şeydən əvvəl Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Neçə-neçə qəhrəmanlarımız torpaqları uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti uğrunda canlarını qurban verən qəhrəmanlar heç vaxt unudulmur. Torpaq uğrunda ölən varsa Vətəndir!
Vətən uğrunda döyüşmək, Vətəni sevmək, Vətəni qorumaq gənclərin əsas vəzifəsidir. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, Azərbaycan uşaq və gəncinin simasında özünün ifadəsini tapdı. Cəmiyyət həyatında vətənpərvərlik hissi və duyğularının rolunu xüsusi ilə təhsil sistemində, təhsilin məzmununda, Vətənə sevginin önəminin daha da yüksəldilməsində aktuallaşdırır, çünki Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay olar, torpaqdan pay olmaz!
"Biz qalib gələcəyik. Bizim işimiz haqq işidir" - deyə Ali Baş Komandan İlham Əliyev qeyd edirdi. Bu sadə sözlər deyildir, bu həqiqi Vətənpərvərlik deməkdir.
Pərvanə Səfərova
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məkbət .Uşaq Birliyi Rəhbəri