Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib .
26 may tarixində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə Bakı Mühəndislik Universitetinin tələbələri arasında görüş keçirildi.
Görüşdə Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov və Fondun digər əməkdaşları Günay Baxışova, Fatimə Abdullayeva, Emin Şeydayev, Universitetin tədris işləri üzrə prorektoru Həmzəağa Orucov, tədris hissəsinin müdiri Ramil Hacıyev, Universitetin müəllimi və təhsil eksperti Adil Vəliyev, dekan, müəllim heyəti və tələbələr iştirak etdi.
Bakı Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Həmzəağa Orucov ilk öncə tədbir iştirakçılarını salamlayıb daha sonra təhsil tələbə kreditlərinin tələbələrə yaratdığı imkanlardan danışdı. Tələbələri mütləq bu fürsətdən yararlanmağa və daha yaxşı oxuyaraq güzəştlərdən istifadə etməyə çağırdı. Təhsil tələbə krediti haqqında fikirlərini və təkliflərini səsləndirdi.
Təbliğat, təşviqat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-in fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, tələbələrin daha yaxşı oxuması üçün təhsil tələbə kreditinin mükəmməl fürsət olmasından ibarət olduğunu vurğuladı.
Fondun əməkdaşı Günay Baxışova müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, təhsil tələbə kreditlərinə tətbiq edilən güzəştlər, möhlət dövrləri barədə geniş məlumat verdi.
Tədbirdə tələbələr tərəfindən verilən suallar cavablandırıldı, təkliflər dinlənildi və geniş müzakirələr aparıldı.