Bu şəxslər meymunçiçəyinə YOLUXMAYACAQLAR – İnfeksionistdən AÇIQLAMA
Koronavirus təhlükəsini geridə qoyduğumuz bu günlərdə ikinci bir infeksion xəstəlik - meymunçiçəyi ilə bağlı narahatlıqlar artır. Koronavirusa yoluxma zamanı mütəxəssislər növbəti 6 ay ərzində təkrar yoluxmanın olmayacağını, olarsa, xəstəliyi yüngül keçirəcəyimizi bildirirdilər.
Bəs koronavirus keçirmiş insanların meymunçiçəyi virusuna yoluxmaq ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli yeni yayılan xəstəliyə yoluxmamağın iki halda mümkün olduğunu deyib:
“Koronavirusla meymunçiçəyi virusu tamamilə ayrı viruslardır. Birini keçirən insan digərinə qarşı immunitet qazanmır. Yəni koronavirusa yoluxmuş insan sağaldıqdan sonra, hətta koronavirusla xəstə ikən meymunçiçəyinə də yoluxa bilər.
Meymunçiçəyinə yoluxmamaq üçün ya həmin xəstəliyi keçirmiş olmaq, ya da ömürlük immunitet verən çiçək vaksinini almış olmaq lazımdır. Bu da hazırda 1980-ci illərdən öncəki çiçək vaksinasiyasında iştirak etmiş şəxslərə aiddir”.
İnfeksionist xəstəliyin dinamikası məsələsinə də toxunub:
“Vəziyyətin necə dəyişəcəyi haqda indilik heç nə demək mümkün deyil. Çünki ÜST belə bunun haqda fikir bildirmək üçün zamana ehtiyac olduğunu qeyd edir. Onu da bildirim ki, hazırda aşkarlanmış xəstələrin təmasda olduğu şəxslər içindən də yeni xəstələr çıxmaq ehtimalı var. Bunun da olub olmayacağını zaman göstərəcək”.