AzTehsil.com
RU


Xəbərlər
10 fevral 2022
1 064


“Məktəblər, bağçalar iki həftəlik bağlansa, yoluxmanın qarşısı alınar” - İnfeksionist




Ölkəmizdə yenə də koronavirusa yoluxma sayı artan dinamika üzrə davam edir. Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. Göründüyü kimi, ölüm sayları da çoxalıb.


Yenə də sərt karantin rejiminin tətbiqi məsələsi gündəmdədir. Həkimlər məktəblərin bir müddət bağlanmasını məqbul sayırlar. Son günlər həm də PZR testlərinin "Omikron" variantında düzgün göstərməməsi ilə bağlı narazılıq da səngimir. Bu, yoluxmanın artmasına  təsir edən amil kimi göstərilir.  Bizdə həm də PZR testlərinin gecikdirilməsi ilə bağlı narazılıq da səngimək bilmir.


 Rusiyanın Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun mütəxəssisləri isə nəinki xəstəliyin özünü müəyyən etmək və "Omikron" variantını müəyyən etmək, həm də onun alt növlərini müəyyən etmək üçün yeni PZR testi hazırlayıblar.


Rus mediası xəbər verir ki, yeni PZR testi real vaxt rejimində həyata keçirilir və təkcə "Omikron" deyil, həm də onun alt növlərini aşkar edə bilir: BA.1, BA.2 və BA.3. Çox dəqiq nəticə bir neçə saat ərzində əldə ediləcək. Qeyd edilir ki, "Delta" genovariantlarının iki mutasiyasını və dörd "Omikron" mutasiyasını təyin etmək üçün test 2021-ci ilin sonunda hazırlanıb. Sistem sınaqdan keçirilib və bu,  "Omikron" variantının alt növlərini müəyyən etmək üçün mövcud PZR testinin əsasını təşkil edib.


Belə ki, "Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutu SARS-CoV-2 koronavirusunun "Omikron" variantının üç xəttini təyin etməyə yönəlmiş yeni laboratoriya texnikası hazırlayıb. Bu inkişaf epidemioloji vəziyyətin monitorinqi üçün vasitələrin arsenalını əhəmiyyətli dərəcədə genişləndirir", - Rospotrebnadzorun mətbuat xidməti bildirib.


Rusiyada yeniliklər bununla bitmir. Rusiyanın Səhiyyə Nazirliyi koronavirusa qarşı anticisimlərin yoxlanılmasının nəticələrinə əsasən QR kodların verilməsinə icazə verib. Belə sertifikatı fevralın 21-dən almaq mümkün olacaq. QR kodu test nəticələrinin alındığı tarixdən altı ay ərzində etibarlı olacaq.


Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev bunları deyib: "Hazırda aktiv xəstə, yoluxma sayı çox olsa da, xəstəxana şəraiti tələb olunan xəstə sayı çox deyil. Ona görə həm palatalarda, həm də reanimasiyalarda kifayət qədər yer var. Ağırlaşmalar çox deyil. Buna görə hər hansı qapanmalara getməyə ehtiyac yoxdur. Amma ola bilsin məktəblərdə iki həftəlik, yaxud bir aylıq distant təhsilə keçilə bilər. Bu bütün təhsil müəssisələri üzrə də ola bilər, məktəblər üzrə də ola bilər. Bağçaların 2-4 həftəlik bağlanması yaxşı olardı. Digər qapanmaların olmasına ehtiyac yoxdur. Bu xəstəlik "Delta" variantı kimi deyil. "Omikron" daha yüngül keçir. Ona görə də ev şəraitində müalicə olunaraq sağalmaq olur. İnsanlar sürətlə xəstələnib sağalacaqlar, bundan sonra kollektiv immunitet formalaşacaq və pandemiya bitəcək".


Bununla belə, Təhsil Nazirliyi məktəblərin yaxın günlərdə bağlanacağı barədə xəbərləri təsdiqləməyib.


Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da fikirlərini açıqlayıb: "Yoluxmuş şəxslərin karantin müddəti bitədən sonra, yəni artıq yeddinci gündən sonra əksər xəstələrdə yoluxduruculuq olmur.


Bu xəstələrin cəmiyyət içinə geri dönməsi, onların iş yerinə qayıtması lazım gəldiyi üçün 7-ci gündən sonra öz həyat fəaliyyətlərinə davam etməsi məqsədəuyğun sayılıb. Yəni burada heç bir qorxulu hal yoxdur. 7 gündən sonra əksər xəstələrdə yoluxduruculuq qalmır. Çox insanlarda təsadüfən test verərkən bu xəstəlik aşkar olunub, ona görə də yoluxduruculuq yüksək olduğu üçün onlar bilməyərəkdən virusu daha çox insana yaymış olurlar.


Son günlər kəskin respirator xəstəliklərin, viral xəstəliklərin də yayılmasını nəzərə alaraq ən yüngül simptomlar belə olduqda insanlar koronavirusa görə test edib, pozitiv və ya neqativ olduğunu müəyyənləşdirməlidirlər. Hər bir ştamda testlər yalançı neqativ ola bilər. Təbii ki, əgər xəstədə simptomlar varsa, koronavirus xəstəsi ilə təmasda olursa, bəzən bir test yetərli olmaya bilər. Xüsusilə də virusun ağır gedişatlarında".


Qeyd edək ki, fevralın 15-dən COVİD-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək.


Bu tarixdən etibarən yaşı 18-dən yuxarı olan həmin vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq. Həmin məkanların siyahısını təqdim edirik: ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclər. Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVİD-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq. musavat.com 




Загрузка...
Həmçinin oxuyun: