Tibb Kollecində Beynəlxalq Tibb Bacısı gününə həsr olunmuş tədbir keçirilib
Bu gün Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Resurs Mərkəzinin açılışı olub.
Tədbirdə Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun nümayəndələri, həmçinin UNICEF-in Azərbaycandakı nümayəndəliyinin üzvləri iştirak ediblər.
Səhiyyə nazirinin müavini İlqar Qasımov çıxışı zamanı müasir avadanlıqlarla təchiz olunmuş təlim mərkəzinin gələcəyin tibb bacıları üçün istifadəyə verilməsini yüksək qiymətləndirib:
“Bundan öncə ölkəmizin dörd şəhərində pilot layihə uğurla həyata keçirilib və gələcəkdə növbəti təlim mərkəzlərinin açılışı planlaşdırılır”.
İlqar Qasımov Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını xüsusilə vurğulayıb:
“44 günlük Vətən müharibəsində tibb bacılarının səhiyyə sahəsində göstərdiyi xidmətləri əvəzsizdir”.
Öz növbəsində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens qeyd edib ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir:
“Patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir”.
“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə bu fənni kurikuluma daxil etdik. Nəticədə gələcəkdə çoxlu sayda tibb bacılarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri fikrini tamamlayıb.