“Açıq tipli suallar imtahana salınmasa yaxşı olar”-Mütəxəssis şikayətlərdən DANIŞDI
Əgər biz bunun qiymətləndirməsini düzgün şəkildə apara bilmiriksə, açıq tipli sualları tədricən ləğv etmək məqsədəuyğun ola bilər”
5-6 Mart tarixində keçirilən imtahanların nəticələrilə bağlı narazılıqlar müşahidə olunmaqdadır.
Şikayətlərin əksəriyyəti açıq tipli sualların qiymətləndirilməsilə bağlıdır.
Mövzu ilə bağlı AzEdu.az-a danışan qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi nəticələrin yoxlama prosesindən danışıb:
“4-6 aprel aralığında apellyasiya komissiyası fəaliyyət göstərir. Nəticələrlə bağlı hər hansı narazılığı olanlar bu komissiyaya müraciət edə bilərlər. Əgər müraciət edənlərin narazılıqları haqqlı olarsa, suallarda hər hansı elmi və ya texniki səhvlər aşkarlanarsa, həmin suallar abituriyentlərin xeyrinə hesablanacaq. Qeyd edim ki, 5-6 mart tarixində keçirilən imtahanlarla bağlı çox sayda şikayət var. Bu şikayətlərin əsas hissəsi isə açıq tipli suallara verilən ballarla əlaqəlidir. Əslində isə burada DİM-də qiymələndirmə bir deyil, bir neçə müəllim, eyni zamanda son olaraq avtomatlaşdırılmış idarəetmə əsasında aparılır. Bu da haradasa obiyektivə yaxın bir qiymətləndirmə prosesinə dəlalət edir. Amma bu zaman meyarlar baxımından uzlaşma mümkün olmaya bilər. Məsələn, şagird suala cavabında hər hansı bir sözü eyni mənanı ifadə edən başqa bir sözlə əvəz edibsə, o zaman bunu istənilən halda marker müəllim də, optik oxuyucu da doğru qəbul etməlidir. Nəticədə həmin sözlər eyni mənanı ifadə edir. Abituriyentlərin də daha çox narazı qaldıqları məqamlar bunlardır”.
Mütəxəssis suallara cavablayarkən abituriyentlərin diqqət etməli olduğu məqamları nəzərə çatdırıb:
“Həmçinin abituriyentlər özləri də müəyyən yanlışlığa yol verirlər. Məsələn, sualları cavablandırarkən abituriyent 78-ci sualın cavabını 80-ci suala yazır. Yaxud da başqa bir sualın cavabını, fərqli suala yazır. Yəni bunların hamısı qiymətləndirilmə zamanı diqqətə alınan məsələlərdir. Ola bilsin ki, bunu marker müəllim qiymətləndirsin, amma optik oxuyucu nəticədə düzgün qiymətləndirməyə bilər. Ona görə də abituriyentlər bütün bu məqamlara diqqət etməli, hər sualın cavabını doğru şəkildə öz yerinə yazmalıdırlar. Qapalı tipli suallarda hər hansı bir nöqsan qeydə alınmayıb,şikayətlər əsasən açıq tipli suallarla bağlı idi”.
O, həmçinin nəticələrin yoxlanılmasında son kurs tələbələrinin iştirakı məsələsinə də toxunub:
“Bəzi iddialara görə bu sualların yoxlanılması zamanı sonuncu kurs tələbələrindən istifadə olunub. Burada sırf sonuncu kurs tələbələrindən istifadə olunur deməzdim. Sualları cavabları peşəkar müəllimlər tərəfindən də yoxlanılır, eyni zamanda magistratura səviyyəsində təhsil alan, hansı ki, Azərbaycan dili və ədəbiyyat, xarici dillər, yaxud Riyaziyyat üzrə təhsil alanlar var, onların da bilik və bacarıqların istifadə olunur. Halbuki həmin şəxslər DİM-də uzun müddət marker müəllim kimi təlimlərə cəlb olunublar, müvafiq sertifikatlar alıblar, daha sonra prosesə cəlb olunublar. Ona görə də bəzi məsələlərdə iddiaların əsassız olduğunu hesab edirəm”.
Mütəxəssis narazı olan abituriyentləri apellyasiya komissiyasına müraciət etməkdən çəkinməməyə çağırıb:
“Amma digər qeyd etdiyim məsələlərlə bağlı abituriyentlərə haqq verirəm.Yaxşı olar ki, onlar apellyasiya komissiyasına müraciət etsinlər,komissiyanın hansı şərtlərlə bu müraciətləri qəbul edəcəyi də, artıq, Mərkəz tərəfindən açıqlanıb. Abituriyentlər bu şərtlərlə dərhal tanış olub, müraciət etməlidirlər, haqqlı olduqları zaman onların balları artırılacaq. Əgər hər hansı abituriyent nəticədən asılı olaraq balının azaldılmasından narahat olarsa, buna ehtiyac yoxdur. Çünki belə bir hal yoxdur. Ona faktiki verilmiş bal qüvvədə qalır. Müraciətin nəticəsindən asılı olaraq,onun balı sadəcə artırıla bilər”.
Mütəxəssis açıq tipli sualların imtahana salınmamasının daha məqsədəuyğun olduğunu bildirib:
“12-13 Mart tarixlərində keçirilən imtahanların nəticələri də yəqin ki, həftə sonuna kimi elan olunacaq. Abituriyentlərə imtahana salınan mövzularla bağlı kifayət qədər güzəştlər olunmuşdu. Suallarla tanış olan şəxslər bunu yaxşı bilir. Bu nöqteyi nəzərdən mənim də etirazım sadəcə açıq tipli sualların daha dəqiq yoxlanılması ilə bağlıdır. Yaxşı olar ki, ümumiyyətlə bu tip suallar imtahana salınmasın. Çünki bu birbaşa olaraq obyektiv qiymətləndirməyə kölgə salır. Düşünürəm ki, əgər biz bunun qiymətləndirməsini düzgün şəkildə apara bilmiriksə, açıq tipli sualları tədricən ləğv etmək məqsədəuyğun ola bilər. Əgər bu suallar imtahana salınırsa, o zaman düzgün qiymətləndirmə mütləqdir”.