DİM yeni və təcrübəsi az olan nəzarətçilər üçün təlimləri yekunlaşdırıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən və bütün respublika ərazisini əhatə edən təlimlərə 7362 nəzarətçi dəvət olunub. Nəzarətçilərdən 595 nəfər təlimlərdə iştirak edə bilməyib. Üzrsüz səbəblərdən təlimlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric edilib.
DİM-dən bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçilərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.
Təlimlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaq. Bu da onların təlimlərdə yiyələndikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək edəcək.
Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 15789 nəzarətçi haqqında məlumat var.