Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb
Zal nəzarətçisi sertifikatı əldə etmiş 680 nəfər imtahanların idarəedilməsi prosesinə cəlb ediləcək.
Sertifikat əldə etmək üçün qeydiyyat 2021-ci il 5 oktyabrda başlanılıb və bu müddət ərzində 1457 nəfər öz ərizəsini təsdiq edib.
Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq DİM-in inzibati binasına və regional bölmə mərkəzlərinə müsahibəyə dəvət edilib. DİM-in məsul əməkdaşları tərəfindən aparılan müsahibələrdən 840 namizəd uğurlu nəticə əldə edərək ilkin test imtahanına yazılıb.
İlkin test imtahanı zamanı namizədlərə ümumi intellekt səviyyəsinin yoxlanılmasına aid tapşırıqlarla yanaşı, onların şəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometrik testlər də təqdim olunub. Bu mərhələdə 731 namizəd müsabiqə şərtini ödəyərək 2 günlük təlimlərə cəlb edilib.
Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edib. Bundan əlavə, psixometrik tapşırıqlar vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılıb.
Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib və fikir mübadiləsi aparılıb.
Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanına cəlb ediliblər. İmtahanlardan 60% və daha yüksək nəticə göstərən 680 namizəd A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib.
Xatırladaq ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.
Qeyd: Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün növbəti qeydiyyatın cari ilin sentyabr ayından etibarən yenidən başlanılması nəzərdə tutulur.