DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.
İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Namizəd sertifikatı əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).