Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 7 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (15 vəzifə)və B (200 vəzifə) növünə aid olan 215 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 2018-ci il 30 avqust tarixinə qədər davam edəcəkdir.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilmişdir.
Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması”nı
(https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 30 iyul 2018-ci il tarixindən 30 avqust 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (200 vəzifə) tərəfindən təqdim olunmuşdur.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda yerləşdirilmişdir:
Təhsil Nazirliyi (200 vəzifə) - AC3 altqrupu üzrə 15, BB3 altqrupu üzrə 56, BB4 altqrupu üzrə 129 (200 vəzifə)
Gəncə Apellyasiya Məhkəməsi (4 vəzifə) - BA4 altqrupu üzrə 4
Xaçmaz Rayon Məhkəməsi (4 vəzifə) - BB4 altqrupu üzrə 4
Bakı Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) - BB2 altqrupu üzrə 3
Hacıqabul Rayon Məhkəməsi BB3 altqrupu üzrə 1 vəzifə
Qusar Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə
Şamaxı Rayon Məhkəməsi BB4 altqrupu üzrə 2 vəzifə
Əlavə olaraq bildiririk, müsahibəyə çıxarılmış 215 vakant vəzifənin 15-i AC, 4-ü BA, 196-sı isə BB vəzifə qrupuna aiddir.