Kəlbəcərdə itkin düşən müəllimin acı həyat hekayəsi - FOTO
1994-cü ilin 12 fevral tarixində işğalçı ermənilər rus hərbçilərinin dəstəyi ilə Azərbaycan ordusuna qarşı əks həmlə təşkil edirlər. Bu zaman Azərbaycan tərəfi ağır itkilər verir. İtkilərin artmasının səbəblərindən biri də şaxtalı hava və qar uçqunları idi.
Fevralın 18-də ordu Ömər aşırımı ilə geri çəkilməli olur. İki briqada mühasirəyə düşür. Ömər aşırımı uğrunda döyüşdə rus mənbələrinin məlumatına görə, Azərbaycan ordusu 4000 əsgər, erməni tərəfi isə 2000 itki vermişdi. Bu əməliyyat Azərbaycan tarixinə Qarabağ müharibəsi dövründə ən böyük itki verilən döyüş kimi düşür. Azərbaycan tərəfinin çoxlu sayda əsgər itirməsi o zamanlar gizli saxlanılırdı...
İtkinlərimiz haqqında yazılan ilk qəzet
Bu gün həmin itkinlərdən biri Xalid Hümbətov haqqında danışacağıq. Kəlbəcərin Susuzluq və Sarıdaş kəndlərində rus dili müəllimi olub. Bütün yaxınlarının, şagirdlərinin dilində indi bir söz var: “Xalid müəllim qayıdacaq”.
1991-ci il Kəlbəcər...
Arayış: Xalid Əli oğlu Hümbətov 1961-ci ildə Kəlbəcər rayonunun Alçalı kəndində anadan olub. 1977-ci ildə Qılınclı kənd tam orta məktəbini bitirib. Həmin il M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və rus dili müəllimliyi üzrə ali təhsil alıb. 1982-cil ildə institutu bitirib. İnstitutu bitirəndən sonra təyinatla Kəlbəcər rayonunun Susuzluq və Sarıdaş kəndlərində müəllim işləyib. Daha sonra Kəlbəcər Rayon Maarif Şöbəsində metodist vəzifəsində çalışıb. 1985-1986-cı illərdə Sovet Ordusu sıralarında qulluq edib.
Qarabağ Müharibəsinin ilk günlərində döyüş bölgələrində fəal iştirak edib. Qarabağ bölgəsində döyüşən 3-cü batalyonun qərargah rəisi vəzifəsində xidmət edib. Səhhətində problem olmasına baxmayaraq, dəfələrlə müalicə olunandan sonra yenə də döyüş bölgələrinə qayıdıb. Rütbəsi baş leytenant olub.
1994-cü ilin fevral ayında “Kəlbəcər” əməliyyatı zamanı itkin düşüb və bu günə kimi digər itkinlərimizlə bərabər ondan xəbər yoxdur.
Xalid Hümbətovun anası Samaya Hümbətova və xalası qızı Həqiqət Rəhimli onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.
- İlk suala belə başlayaq, 28 ildir üzünü görmədiyiniz Xalid müəllimi necə xatrılayırsınız?
Samaya Hümbətova: Mənim balam mehriban, qoçaq biri olub. Elə xasiyyəti vardı ki, hamı onu çox istəyirdi. Böyükdən kiçiyədək hər kəsə hörmət edirdi.
Həqiqət Rəhimli: Xalid bizim xalamızın oğludur, amma hamı elə bilirdi ki, qardaşımızdır. Çünki uşaqlığı da, gəncliyi də bizdə keçib. Biz Xalidi heç unutduq ki, xatırlayaq da...
Uşaqlıqdan həmyaşıdlarından fərqlənirdi. İstər zahirən, istərsə də mənən.
Xalid müəllim şagirdlərinin də xatirəsində elə bir iz qoyub ki, onu unutmurlar. Dərs keçdiyi heç bir şagirdi ondan narazı deyildi. Uşaqlar dərsi öyrənməyəndə onları danlayarmış. Ancaq şagirdlərin pis olduğunu görəndə cibindən çıxarıb konfet verər, “gələn dəfə dərsi öyrən, sonra gəl” deyərmiş.
Xalid müəllimin adı gələndə şagirdləri o günləri xatırlayıb kövrəlirlər…
Müəllim olarkən çəkilən şəkillərdən biri
- Hamının sevimlisinə çevrilən Xalid müəllimin tələbəlik illəri necə keçib? O günlərdən hansı xatirələr yadınızda qalıb?
Samaya Hümbətova: Bakıda oxuduğuna görə görməmişəm tələbəliyini. Amma yaxşı oxuyub, öz biliyi ilə ucalıbdı mənim balam.
Həqiqət Rəhimli: Xalid tələbəlik illərində yaxşı oxuyurdu. Mütaliəni, dünya ədəbiyyatını çox sevirdi. Yay aylarında tələbə-inşaat dəstələrində Sovetlər birliyinin müxtəlif şəhərlərinə gedərdi. Turist kimi gəzməyi xoşlayırdı. Əsgərlikdə olan zaman gitarada ifa etməyi öyrənmişdi.
Onu da qeyd edim ki, Xalid əsgərliyə getməyə də bilərdi. Çünki o vaxtı kənd müəllimlərini orduya aparmırdılar. Maarif şöbəsinə məhz ona görə işə gəldi ki, əsgərliyə getsin. Əsgərlikdən tez-tez məktublar yazardı. O məktublar hələ də durur. İndi kitablarımın yerini dəyişdiyi üçün o məktubları tapmıram. Tapsam, göndərərdim sizə görərdiniz ki, necə vətənpərvər olub. Azərbaycanın adının həmişə yüksəklərdə olmasını arzulayıb.
Tələbəlik illərindən xatirə qalan şəkil
- Xalid müəllim evli idi, yoxsa subay? Həyatda arzusuz, xəyalları olmayan insan yoxdur. Bəs, o, gələcək planlarından, xəyallarından danışardımı?
Anası: Yox, oğlum ailə qurmamışdı. Bir gənc kimi istəkləri var idi. Vətənini çox sevirdi. Həmişə vətəndən danışardı. Bacımgildə böyüdüyü üçün hər şeyini onlar bilir.
Xalası qızı: Ailəli deyildi, ancaq çox qızların ondan xoşu gəlirdi. Yadıma rəhmətlik Mehdiyev Tahirin - Xalidin dostu dediyi sözlər düşdü. Deyərdi ki, “Səkinə xala, bir gün səhər durub görəcəksiniz ki, qızlar Xalid üçün qapınızda nümayiş edirlər”. Arzuları çox idi. Sevdiyi qızla da məni tanış etmişdi. Amma vətən sevgisi onun bütün arzularına qalib gəldi.
Samaya ana indi bu şəkillərlə övladını xatırlayır
Xalid Hümbətovun xalasının oğlu olmadığı üçün onu həmin ailəyə verirlər. Bəlkə də buna görə anası onun haqqında çox şeyi bilmir. Bildiklərini isə yaşlı olduğu üçün yaxşı xatırlamadığını söyləyir. Yanında böyüməsə belə balası üçün ürəyi yanır. Söhbətə başladığımız andan ağlayır…
- Müəllimlik fəaliyyəti necə olub? İş yoldaşları, şagirdləri onun haqqında sizə nələr deyirlər?
Anası: Onu tanıyan, bilən hamı haqqında yaxşı sözlər danışır. Şagirdlərinin hamısının uşaqları belə var, amma Xalidi unutmurlar. Dərs keçdiyi uşaqlar indi öz övladlarına onun necə müəllim olduğundan danışırlar.
Xalası qızı: Müəllim yoldaşları onun əsl pedaqoq olduğunu deyirlər. Onun fərqli dərs keçmə metodu olub. Universiteti bitirəndən sonra Bakıda işlədiyimdən çox yaxından tanımamışam. Şagirdlərin ona böyük sayğısı vardı. İndi də onun haqqında hörmətlə danışırlar.
- Yəqin ki, döyüşə yollandığı gün yadınızdadır. Sizinlə sağollaşanda son sözü nə olmuşdu?
Anası: Bala, getmə demişdim. Deyirdi ki, “ana, mən getməyim, kim getsin bəs. Bu vətənin oğluyuq, uğrunda canımızı belə verməliyik”. Vətən üçün gözünü yummadan getdi, amma hələ də dönməyib.
Xalası qızı: Təkcə Kəlbəcərdə döyüşməmişdi, Laçının Hocaz kəndində də vuruşmuşdu. Xalidgil Murovda erməni polkovnikini əsir götürmüşdülər, maşının içi silah və pulla dolu olub. Deyilənlərə görə, bundan sonra ermənilər onları çox hədələyirmişlər.
İndiki kimi yadımdadır 1994-cü il yanvarın 31-i gecə saat 12-də Xalidi Gəncəyə yola saldıq. Ayağını Murovda don vurmuşdu, müalicə alıb yenidən döyüşə qayıdırdı. Atam evdə xəstə yatırdı. Xalid hamı ilə görüşdü və mənə dedi ki, “evdəkilərə demə, mən Kəlbəcərə getməyincə qayıtmayacam”.
Orduda bəzi xoşagəlməz hadisələrin olduğunu da deyərdi. Müharibə barədə gündəlik yazardı. Təəssüf ki, gündəliyi Laçında qalmışdı.
- Xaliq müəllim 28 ildir ki, itkin düşüb. İndiyədək ondan heç bir xəbər ala bilməmisiniz. Lakin ümid heç vaxt ölmür deyirlər...
Anası: O ümidlə yaşayıram ki, bir gün balam qapını döyüb içəri girəcək. Elə yadıma düşür ki?! Torpaqlar alınan gündən yolunu gözləyirəm. İnanıram ki, gələcəkdi. Yalvarıram Allaha, hamının balası gəlsin, mənim də balam onların içində.
Bir dəfə yuxuda gördüm ki, girovlar hamısı qayıdıb gəlir. Sonra görmüşdüm ki, Nədirxanlıdan döyüş yoldaşları gətirib, başına yığışıblar. Son vaxtlar yuxularıma da gəlmirlər. Deyirlər çox ağlayırsan, ona görə də gözlərin görmür. Oğlumun məzarı olsaydı, gedib ziyarət edərdim. Gözlərim yoldadır...
Xalası qızı Həqiqət: Xalidin yoxluğu ilə heç vaxt barışmamışıq. Həmişə gözləmişik, ümidimizi heç vaxt itirməmişik. Amma ürəyimdə hər zaman "Xalid əsir düşməz" demişəm. Çünki onlar həmişə özləri ilə əl qumbarası gəzdirirdilər ki, mühasirəyə düşmək ehtimalı olsa, özlərini məhv etsinlər.
İnsanın ürəyinin dərinliyində bir ümid olur, istəsən belə o ümidi öldürə bilmirsən. Samaya ana da qəlbində ki, oğlu ilə bağlı ümidi itirmir, ona tutunub yaşayır...
oxu.az