Məktəbdəki hadisələrin səbəbləri: Şıltaqlıq, yoxsa “qəhrəman”lıq – Mehriban Vəliyeva
Son vaxtlar məktəblərlə bağlı müzakirələrdə müxtəlif mövqelərin toqquşması bir daha bu mövzuda bir çox məsələlərə aydınlıq gətirmək zərurəti yaratdı. Baş verən müxtəlif hadisələrdə daha çox təhsil müəssisələri qınaq obyekti olsa da, şagird və valideynlərin məsuliyyət payını gündəmə gətirənlər də az deyil.
Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Oxu.Az-ın müxbirinə danışıb.
– Mehriban xanım, paytaxtda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində mövcud olan problemlər əsasən nədən ibarətdir? Bunlarla bağlı daimi olaraq monitorinqlər aparılırmı?
– Təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. Odur ki, təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik və daha səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin ənənələri, mövcud reallıqlar ilə uzlaşdırılmalıdır.
Təbii ki, inkişafa gedən yolda hədəflərə daha tez çatmaq üçün problemləri görmək və həllinə nail olmaq mühüm şərtlərdəndir. Bu, tədrisin təşkili, keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlığın inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunması və digər çoxsaylı istiqamətləri özündə birləşdirir.
Qeyd etdiyimiz kimi, təhsildə keyfiyyətin artırılması həmişə aktual olan məsələdir. Bununla bağlı peşəkar və strateji yanaşmalardan irəli gələn tədbirlər görülür. Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 4 istiqamətdə – təhsil müəssisələrinin idarəetmə və keyfiyyəti, şagird nailiyyətləri və onun şəxsi inkişafı, öyrətmə və qiymətləndirmə, dəstəkləyici mühitin yaradılması ilə bağlı monitorinqlər aparılır.