“Azərbaycanda təhsilin ayrı-ayrı pillələrinin hüquqi bazası gücləndirilir” - RƏY
Son illər ərzində Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilib, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunub. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Ötən il üçün ölkədə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir.
Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsindən qalib ölkə kimi çıxmağımız bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də diqqət və qayğını artıracaq. Azad olunan ərazilərdə yeni və müasir təhsil ocaqlarının tikintisi də nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə də start verilib. Prezident İlham Əliyev mayın 8-də “Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dövlət başçısı ötən il həm Şuşa məktəbinin, həm Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunan Ağdam şəhər 1 saylı məktəbinin, həm də Cəbrayıl şəhərinə səfəri çərçivəsində burada akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Report”a bildirib ki, həmişə olduğu kimi ölkədə təhsil sahəsinə də dövlət qayğısı göstərilib:
“Dövlət başçısı İlham Əliyevin təhsil sahəsinə göstərilən qayğı, diqqət, həyata keçirilən işlər, qəbul olunan dövlət proqramları kifayət qədər genişdir. Bura həm təhsilin infrastrukturunun yenilənməsi, yeni və ən müasir təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, ən ucqar kəndlərdə belə müasir tələblərə cavab verən məktəb binalarının inşası aiddir. Dərsliklərin yenilənməsi, məktəb kitabxanalarının yaradılması, şagirdlərin hərtərəfli inkişafı üçün infrastrukturun yaradılması da bu işlərin tərkib hissəsidir. Təhsil sisteminin dünyanın inkişaf edən ölkələrinin təhsil sisteminə inteqrasiya olunması Azərbaycanda dövlət səviyyəsində təhsilə verilən önəmin göstəricisidir”.
Onun sözlərinə görə, məktəbyaşlı uşaqlar üçün məktəbəqədər təhsilin yaradılması unikal layihə idi:
“Bunun da əhatə dairəsi 90 %-in üzərindədir. Məktəblərin təmayülləşməsi, peşə məktəblərinin əhatə dairəsinin genişləndirilməsi görülən işlər də təqdirəlayiqdir. Əmək bazarının tələblərinə uyğun yeni peşə ixtisaslarının və bu istiqamətdə infrastrukturun yaradılması böyük maliyyə vəsaiti tələb edirdi. Bu layihələrin icrası üçün ciddi işlər görüldü. 2021-2022-ci tədris ilində ilk dəfə olaraq ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı, 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb. Bundan başqa, peşə təhsil pilləsində təhsil nəticələrinə əsaslanan təqaüd sistemi tətbiq edilib. Azərbaycanda orta ümumtəhsil pilləsinin modernləşdirilməsi, məzmun baxımından yenilənməsi də mühüm addımlardan biri idi. Bir sıra ölkələrin təcrübəsindən yararlanmaq da ölkəmizin uğurlarından biridir”.
Şura üzvü deyib ki, subbakalavrların ali təhsil müəssisələrində təhsillərini davam etdirilməsi üçün qəbul edilən qərar çox önəmli idi:
“Bu da həm gənclərin kolleclərə olan marağını artırmış oldu, həm də təhsil almaq imkanlarını xeyli genişləndirmiş oldu. Ali təhsil müəssisələrində müasir dövrün tələblərinə uyğun yeni ixtisasların açılması ilə ölkədə gənclərin bilik və bacarıqlarının formalaşdırılması üçün münbit şəraitin yaradılması demək idi. Eyni zamanda həssas qrupa aid tələbələrə kreditlərin verilməsi dövlətin təhsil sahəsinə yönəltdiyi diqqət və qayğının bariz nümunəsi idi. Bundan başqa, ikili diplom proqramlarının icrası ilə gənclərin dünyanın nüfuzlu universitetlərinin bərabər imkanlı təhsilinə yiyələnməsinə şərait yarandı”.
İ.Orucov vurğulayıb ki, təhsil sistemi bazasının yenilənməsi baxımından “Təhsil haqqında” qanunun qəbul edilməsi xüsusi əhəmiyyət daşıyıb:
“Təhsilin ayrı-ayrı pillələrinin hüquqi bazasının gücləndirilməsi ilə bağlı sahəvi qanunlar da qəbul edildi. Bu yaxınlarda uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi, eləcə də Regional Təhsil İdarələrinin yaradılması da xüsusi vurğulanmalıdır”.
İctimai Şuranın məsul katibi, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə isə “Report”a bildirib ki, indiki gənclərin dünyaya baxışı fərqlidir:
“Artıq gənclər təhsilin mahiyyətini başa düşür və nə istədiklərini anlayırlar. Bu gün əmək bazarında müasir və innovativ biliklər nəzərə alınmaqla yanaşı, həm də tələb olunur. Bu gün eyni zamanda Azərbaycan gənclərinin şəxsi ambisiyaları var. Hazırkı təhsil də bunu qarşılamalıdır”.
Onun sözlərinə görə, elm və təhsil sahəsi hər zaman Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır:
“Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Bu zərurəti nəzərə alaraq müasir və praktiki tədris imkanları yaradılmalıdır. Belə ki, dövlətin təhsilə olan qayğısı bu proqramlarla kifayətlənmir, ilbəil dövlət büdcəsindən ayrılan vəsait hesabına regionların ucqar yerlərində zəruri avadanlıqlarla təchiz olunmuş yeni məktəblər, komplekslər və modul tipli məktəblər tikilir”.
“Öyrənməyin və öyrətməyin sərhədi yoxdur” deyimini xatırladan gənc mütəxəssis vurğulayıb ki, maddi-texniki baza təhsilin keyfiyyətinə təsir göstərir və öyrənənin mənimsəməsini asanlaşdırır:
“1400 şagird yerlik yeni tikilən 292 saylı tam orta məktəb buna əyani sübutdur. Məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb”.
Xatırladaq ki, 2021-2022-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 156 107 uşaq qəbul edilib. Ölkə üzrə 100 546 uşaq məktəbəhazırlığa cəlb edilib. Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 850-ə çatan icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Eyni zamanda ölkəmiz bir çox beynəlxalq fənn olimpiadalarında yüksək nəticə göstərib. Belə ki, ötən il Azərbaycan məktəbliləri ümumilikdə 15 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 33 bürünc medal olmaqla ümumilikdə 55 medal əldə ediblər. Bundan başqa, milli və beynəlxalq qiymətləndirmələrdə müəyyən nəticələr var.
Həmçinin şəhid ailə üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu da diqqət mərkəzində olub. Belə ki, şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.