Bölgələrdə modul tipli 137 məktəb tikiləcək
Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.
Aztəhsil.com xəbər verir ki, bu barədə modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.
"Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.