Kimdir GÜNAHKAR?-Müəllim ,valideyn, cəmiyyət...
Son zamanlar aktual olan mövzu haqqında yazmağı bir valideyn kimi özümə borc bilirəm.
Cəmiyyətimizin ən böyük bəlalarından biri səbəbin yox, yaranmış nəticənin müzakirə mövzusu olması,medianın hadisələrə “babam mənə kor deyib,gələnə gedənə vur deyib”prinsipilə səthi yanaşmasıdır.
Müəllimində bizlərdən biri olduğunu unudaraq,onun səbr kasasını daşıran bizim verə bilmədiyimiz tərbiyənin köklərini araşdırmaq əvəzinə müəllimin şagirdə göstərdiyi şiddəti müzakirə mövzusu etməyimiz cəmiyyət olaraq bizi məhvə sürükləyir.
Nə qədər ki,biz valideyn olaraq öz gözümüzdəki tiri görməyib başqa gözlərdə çöp axtararaq,övladlarımızın səhvlərimizdən qaynaqlanan hərəkətlərini uşaq şıltaqlığı,müəllimin hərəkətini isə qlobal fəlakət olaraq müzakirəyə çıxaracağıq bu problem heç vaxt öz həllini tapmayacaq.
Sonda Sizlərə məşhur Azərbaycan filmində olduğu kimi sual vermək istərdim.
Kimdir günahkar?
Bəşəriyyətə nur saçdığı halda qaranlıqda çarəsiz buraxılan müəllimmi,
Həyatın keşməkeşlərində yaşamaq uğrunda mübarizə apararkən övladlarının qayğısına(tərbiyəsinə) vaxt tapa bilməyən valideynmi,
Yoxsa hər şeyin kəlləmayallaq,heç kimin öz yerini tapa bilmədiyi cəmiyyətmi?
Bir az düşünək bəlkə.
Cavid Çələbi.