Qalmaqallı məktəbin müəllimi danışdı: "Həmin məktəbdə atam döyüldü"
"Deyilən məktəbin müəllimi mənəm. GÇH rəhbəri də atamdır. 02.11.2021 tarixində həmin məktəbdə atam döyüldü. Bu haqda bütün əlaqədar təşkilatlara rəsmi ərizə ilə müraciət olundu. Lakin indiyə kimi heç bir tədbir görülmədi".
Tehsil.biz xəbər verir ki, bu fikirləri 117 nömrəli məktəbdə müəllim kimi çalışan Nahid Qənbərov bildirib.
Onun sözlərinə görə, baş verənlərlə kifayətlənməyən məktəbin direktoru bütün qərəzi onun (Nahid Qənbərovun) üstünə töküb:
"Belə ki, rəhbəri olduğum 7s sinfini məndən aldı və valideynlərə yalan məlumat verərək mənim öz razılığımla sinifdən imtina etdiyimi onlara dedi. Valideynlərlə və bir qrup direktoru dəstəkləyən müəllimlərlə akt zalında keçirilən iclasda mən etirazımı bildirəndə tribunada oturan direktor zalda oturduğum stula hücum edərək "Ə, çocuq, buna görə sən mənə hesab verəcəksən" deyərək, mənə yaxınlaşıb böyrümdən zərbə vurdu. Sonra nə baş verdiyini mən anlamıram. Affekt vəziyyətdə olmuşam. Nə etmişəmsə, özümümüdafiə üçün etmişəm. Əlaqədar orqanlarda araşdırma aparılır. Hesab edirəm ki, düzgün qərar veriləcəkdir".
Qeyd edək ki, ötən gün Xəzər rayonunda yerləşən 117 nömrəli tam orta məktəbin müəlliminin həmin məktəbin direktorunu döyməsi nəticəsində bir həftə olar ki, direktorun işə çıxa bilməməsi barədə xəbər yayılmışdı.