“Müəllim, pis qiymət yazmayın, atam döyür…”
Avtobusda qarşımda ana-bala oturmuşdu. Təqribən 11-12 yaşlarında olan qız sinif yoldaşından danışırdı. “Ana o gün pis qiymət aldığı üçün müəlliməyə gündəliyini vermək istəməyən qız var idi ha… Deyirdi ki, evdə bilsələr, məni döyəcəklər. Bax o, bu gün sinfə gələndə ağlamışdı. Soruşdum nə olub? Dedi ki, atam pis qiymət aldığımı öyrəndi və məni döydü…”
Növbəti dayanacaqda onlar düşdülər.
Eşitdiklərimdən bərk təsirlənmişdim. Az qaldı ki, onlarla düşüb sözügedən qız barədə soruşum. Sadəcə, yenidən avtobusa minmə potensialını nəzərə alıb, yerimdən tərpənmədim.
“Atam, məni döydü…” Bu sözü bir qız uşağından eşitmək necə də ağır mənzərədir. Soruşsan, deyəcək ki, “gələcəyi üçün (?) edirəm”. Hansı gələcəyi üçün? Sabah ona ilk məhəbbət işartısı göstərən kişiyə qoşulub qaçması üçün? Özgüvənsizliyi ucbatından gələcək ailəsində, karyerasında yarana biləcək problemləri üçün? Yoxsa getdiyi ailədə zorakılıqla, təhqirlə üzləşə biləcəyi təqdirdə (heç kim bundan sığortalanmayıb) bunu adi qəbul etməsi üçün?
Maraqlısı budur ki, ataya (və bunu görüb susan anaya) davranışı ilə bağlı irad bildirsən, özünə bəraət də qazandıracaq: “Mən məktəbdə oxuyanda müəllim əlimi partaya uzadıb xətkeşlə vururdu”, “gicgahımdan saçımı dartırdı”, “iki aldığım üçün qiymət alnıma yazılıb sinif-sinif gəzdirilirdim”.
Deməli, belə insanlar bilərəkdən, ya bilməyərəkdən “mənə ediblər, mən də edirəm”, “dedovşina” qaydasını öz doğma uşağına tətbiq edir. Əlbəttə, bütün valideynlər belə deyil. Uşaqlarına daha sivil formada “işgəncə” verənlər var.
Qonşunun qızı ibtidai sinifdə təhsil alır. Hər gün dərsdən sonra repetitor yanına (?) gedir ki, dərslərini hazırlaya bilsin. Bundan əlavə, həftədə bir neçə dəfə rəsmə, bir neçə dəfə isə ingilis dili dərsinə gedir. Hiss edirəm ki, valideyni araya üzgüçülüyü də salmaq istəyir. Gələcək planlarında isə əlavə rus dili bəndi də var.
Bəli, müasir dövr uşaqlardan 30 il əvvələ nisbətdə daha çox bilik tələb edir. Valideynlər adətən özlərinin pis və ya yaxşı təcrübələrinə əsaslanaraq belə davranırlar. Özlərinin həyata keçirə bilmədiyi, yaxud əksinə, həyata keçirib uğur qazandığı hər hansısa metodu uşağında sınamaq istəyir. Bu zaman isə övladının körpə çiyinlərinin bunu nə qədər daşıya biləcəyini unudurlar. Uşağın əlavə dərnəklərə getməsi, müəyyən məşğuliyyətinin olması çox yaxşıdır. Amma bu uşağın istəyi ilə və müəyyən çərçivədə olmalıdır. İdman sağlamlıqdır, dil bilikləri lazımdır, incəsənətdən anlaması yaxşıdır. Amma bəzən uşaqların üstünə o qədər düşülür ki, sanki olimpiadaya, yaxud hansısa müsabiqəyə hazırlaşırlar.
Bu yerdə dərslərə də toxunmaq istəyirəm. Heç sevmədiyim “bizim vaxtımızda” sözündən istifadə edərək demək istəyirəm ki, həmin dövrlərdə musiqi, idman, rəsm dərslərini çox sevirdik. Ümumiyyətlə, bu dərslər adətən tarix, riyaziyyat, coğrafiya kimi ağır dərslərdən sonra uşaqların zehni yorğunluqdan dincəlməsi üçün salınırdı. İndi belədirmi?
Sizə 6-cı sinfin “Musiqi” dərsliyindən bir cümləni misal gətirim: “Dahi rus bəstəkarı Mixail Qlinkadir “Ruslan və Lyudmila” operasında “Qalanın dibində” Azərbaycan xalq mahnısının, macar bəstəkarı Bela Bartokun “3-cü kvartet”ində “Tərəkəmə” Azərbaycan xalq rəqsinin, dahi Alman bəstəkarı İohann Sebastyan Baxın “Orqan üçün re minor Tokatta və Fuqa” əsərində “Bayatı-Şiraz” klassik Azərbaycan muğamının intonasiyaları duyulur”.
Və bu evə verilən tapşırığın sadəcə bir cümləsidir…
Əgər uşaq konservatoriyada oxumayacaqsa, bu məlumat onun nəyinə lazımdır? Hazırlaşdığı ixtisas üçün bu əlavə yük deyilmi? Hələ bunun “Təsviri incəsənət” kitabı da var, eyni mənzərəni orada da görmək olar. Dərslərin arasında mənim üçün hazırda ən absurd gələn isə “Fiziki tərbiyə” kitabıdır. İdman Akademiyasında oxumursansa, fiziki tərbiyə üçün kitaba nə ehtiyac var? Ümumiyyətlə, bu nəzəriyyə dərsi deyil axı, praktika dərsidir.
Maraqlıdır ki, sadaladığım dərslərin kitablarının qalınlığı bu gün həyatımızın ayrılmaz bir parçasına çevrilən “İnformatika” dərsliyindən qalındır.
Yeri gəlmişkən qeyd edim ki, bir çox ölkələrdə, məsələn, Finlandiyada demək olar ki, ev tapşığı verilmir. Uşaqlar dərslərini elə sinifdəcə öyrənirlər. Müəllimlər baza biliklərini dərsdə izah edir, onların nə dərəcədə qavradığını müəyyən edir, çətinliklərini başa salır, bununla da iş bitir. Günün qalan hissəsi isə şagirdin özünə aiddir. Bu həm uşaqlarda təhsilə maraq yaradır, həm də sevdiyi ixtisasla məşğul olmağa sövq edir. Məsələn, bir uşaq informatika ilə maraqlanırsa, dərs vaxtı müəllim ona tarix, ədəbiyyat, musiqi barədə baza biliklərini verir, uşağın bu barədə anlayışı olur, dərsdən sonra isə çox sevdiyi kompüter elmləri ilə məşğul olur, araşdırmalar aparır. Beləlkilə uşaq həm bütün sahələrdən məlumatlı, həm də öz sahəsi üzrə mütəxəssis olur.
Bizim məktəblərdə isə uşaq “Təsviri incəsənət”dən də summativ tapşırıqları yerinə yetirməli olur. Evə verilən tapşırıqlar, KSQ, BSQ… adını bilib-bilmədiyim testlər azmış kimi, bir də valideynlər uşaqları əlavə dərnəklərlə, hazırlıqlarla yükləyirlər.
Son olaraq bir müddət əvvəl sosial şəbəkələrdə ağlaya-ağlaya dərs edən uşaq barədə videonu xatırlatmaq istəyirəm. O, dərs yaza-yaza bundan sonra daha 11 il məktəbdə, sonra bir neçə il universitetdə oxuyacağını, karyera quracağını, evlənəcəyini, bundan sonra da uşağı olacağını deyirdi. Əksəriyyətimiz bunu gülüşlə qarşılaşa da, əslində bunun bir üsyan olduğunu unutduq. Həqiqətən, əgər uşağımıza üç yaşından hərf öyrədir, dörd yaşından ingilis dilli, ibtidai təhsilli bağçalara qoyuruqsa, onlar nə zaman uşaq olacaqlar? “Gələcəyi” üçün ardı-arası kəsilməyən dərnəklərə yazdırmaqla biz əslində onların keçmişini əllərindən almırıqmı?
Gəlin, bir az bu barədə düşünək.
Emilya Tağıyeva