AzTehsil.com


Xəbərlər / Müəllim
15 sentyabr 2021
984


Mehriban Vəliyeva: Heç bir səbəb oxumaq əzminin qarşısına keçə bilməz



Mehriban Vəliyeva: Heç bir səbəb oxumaq əzminin qarşısına keçə bilməz

 

Bir neçə gündən sonra təhsil ocaqları qapılarını hər kəsin həsrətlə gözlədiyi ənənəvi təhsillə şagirdlərin üzünə açacaq. Builki tədris ilini müəllimlər və şagirdlər qalib dövlətin, qalib xalqın övladları kimi qarsalayırlar. Tədris ilinin başlanması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın müsahibəsini təqdim edirik.

– Paytaxt məktəbləri yeni dərs ilinə necə hazırlaşıb?

– Cəmiyyətin hərəkətverici qüvvəsi kimi qəbul olunan təhsilin ənənəvi məcraya dönüşü hamımızı sevindirir. Yeni dərs ili münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edir, yeni-yeni uğurlar, möhtəşəm nailiyyətlər arzulayıram. Yola saldığımız 2020-2021-ci dərs ili Azərbaycan təhsilinin çox ciddi sınaq ili kimi yadda qaldı. COVID-19 pandemiyasının başlanması ilə həyatımızda hər şey dəyişdi. Gündəlik alışqanlıqlarımızı, adət etdiyimiz normal yaşam tərzimizi pandemiyanın gətirdiyi yeni qaydalara uyğunlaşdırmaq məcburiyyətində qaldıq. Virus sadəcə məhdud bir coğrafiyaya deyil, bütün bəşəriyyətə yeni normalar gətirdi, yüz illərdir qurulan bir sistemin, bir sözlə, bütün dünyanın düzəni dəyişdi. Pandemiyadan təsirlənən sahələri sadalamağa başlasaq, yəqin hər kəs razılaşar ki, təhsil sahəsi ən birinci sıralarda qərarlaşar. Təsadüfi deyil ki, qapanmalar başlananda insanları hər şeydən əvvəl düşündürən sual bu oldu: "Məktəblər necə olacaq?”, "Məsafədən təhsil şagirdlərin gələcək inkişafına necə təsir göstərəcək?” və digər bu kimi suallar narahatlıq yaratmağa başladı. Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda Təhsil Nazirliyinin qarşısında bir prioritet məsələ var idi, o da ən ucqar bölgədə yaşayan şagird belə təhsildən uzaq düşməsin, məsafədən də olsa təhsil hər bir şagird üçün əlçatan olsun. Bütün bu proseslər, keçilən yol cəmiyyətin gözü qarşısında baş verdi. Odur ki, təkrarçılıq olmasın deyə onlar üzərində geniş dayanmaq istəmirəm. Sadəcə onu bildirmək istərdim ki, təhsilin davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar onu göstərdi ki, ən çətin sınaqlarda belə hədəfimiz fasiləsiz təhsili təmin etmək, təhsildə keyfiyyətin artırılmasına nail olmaqdır.

Bəli, qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var. Ölkədəki yoluxma dinamikası, mövcud durum dəyərləndirilərək verilən qərara əsasən, ənənəvi təhsil mərhələli şəkildə təşkil olunacaq. Sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V- XI siniflər əyani tədrisə başlayacaq. Nəhayət ki, yeni tədris ilini hər birimizin arzuladığı ənənəvi təhsillə açırıq. Bütün səylər, bütün imkanlar da məhz bu məqsədə nail olmaq üçün səfərbər olunub. Təhsil işçilərinin vaksinasiyası da əyani tədrisə keçid üçün qarşıya qoyulan məqsəddir. Bu ilin əvvəlində ölkədə vaksinasiyaya start veriləndə təhsil işçiləri prosesə qoşulan ilklərdən oldu, çünki hamımız bilirik ki, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır. Sevindirici haldır ki, paytaxtın təhsil işçilərinin 80 faizə yaxını, daha dəqiq desək, 28 min 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir. Daha məsuliyyətli bir tədris ili deyəndə həm də onu nəzərdə tuturuq ki, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyur. Valideyn səhər övladını məktəbə yola salır, məktəbin qapısından içəri daxil olan hər bir şagirdin təhlükəsizliyindən artıq məktəb və müəllim cavabdehdir. Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq.

-Yeni tədris ilində Bakı məktəblərinin I sinfində nə qədər şagird təhsil alacaq?

– Bilirsiniz ki, artıq uzun müddətdir həm məktəbəhazırlıq qruplarına, həm də I siniflərə qəbul elektron sistem vasitəsilə aparılır. Bu, məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəffaflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir. Yeni dərs ili üçün 49 min 171 şagird elektron qeydiyyatdan keçib. Onlardan 48 min 786 nəfəri ümumi təhsil məktəbləri, 385 nəfəri isə lisey və gimnaziyalar üzrədir. Məktəbəhazırlıq qruplarına gəlincə, paytaxtın 276 ümumi təhsil müəssisəsində ümumilikdə 1175 qrupun yaradılması, 22 min 969 beşyaşlının məktəbəhazırlığa cəlb olunması gözlənilir.

– Ötən dərs ilində tədrisin böyük bir qisminin məsafədən həyata keçirilməsi, müəyyən bir müddət əyani təhsilə keçid, eyni zamanda, dərslərin hibrid formada təşkilinin keyfiyyətə, müvəffəqiyyət göstəricilərinə təsiri haqqında nə deyə bilərsiniz?

– Əvvəldə də qeyd etdiyim kimi, təhsilin məsafədən təşkili cəmiyyətdə müəyyən narahatlıqlar yaradırdı. Hər kəs öz övladının gələcəyi, bu proseslərin onların təhsil həyatında yarada biləcəyi vəziyyətdən nigarançılıq yaşayırdı. Lakin həmin dönəmdə bütün dünya ölkələrinin seçimi məhz distant təhsil idi. Doğrudur, məsafədən təhsilin müəyyən üstünlükləri var və yaşanan təcrübə də bunu sübut etdi. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi və digər amillər distant təhsilin üstünlüklərindəndir. Bütün bunlara baxmayaraq hamımız düşünürük ki, ənənəvi təhsil əvəzolunmazdır. Şagirdlərin məktəbdə, sinif otaqlarında canlı ünsiyyətdə təlim-tərbiyə prosesinə qoşulması vacib amildir. Amma yaddan çıxarmayaq ki, oxumaq, öyrənmək həvəsi olan, öz gələcəyi naminə qarşısına məqsəd qoyan şagird üçün təhsilin məsafədən olması və bu kimi faktorlar maneəyə çevrilə bilməz. Necə ki, paytaxt məktəbliləri bunu öz nailiyyətləri ilə sübut etdilər. 2 min 284 şagirdimiz 2020-2021-ci tədris ilini fərqlənmə attestatı ilə bitirdi, 21 məzunumuz qızıl, 9 məzunumuz gümüş nişana layiq görüldü. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Bakı məktəbliləri bu il də bu ənənəyə sadiq qaldılar. Bu nəticələr bir daha deməyə əsas verir ki, heç bir səbəb oxumaq əzminin qarşısına keçə bilməz.

– Paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırlması istiqamətində hansı işlər görülüb?

– Qeyd edim ki, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Unutmayaq ki, infrastruktur keyfiyyətin əsasıdır. Abad, səliqəli, yeni məktəb binasında, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında təhsilin keyfiyyəti də, şübhəsiz, yaxşı olacaq. Bu baxımdan paytaxtın bir sıra məktəbləri əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri aparılıb. Dəqiq rəqəmlərlə desək, 5 yeni məktəb tikilib, 3 yeni məktəbinsə tikintisi hazırda davam etdirilir. Yeddi məktəbdə əsaslı təmir, əlavə korpusun tikintisi işləri artıq tamamlanıb, 1 məktəb sökülərək yenidən tikilib, 74 məktəbdə isə cari təmir işləri aparılıb. Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ili ərəfəsində məktəblərə 1 milyon 784 min 51 ədəd dərslik çatdırılıb, 50 min 627 ədəd metodiki vəsait isə müəllimlərə təqdim edilib.

– 2021-2022-ci tədris ilinin əsas prioritetləri nədən ibarətdir?

– Bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamda xüsusi olaraq vurğulanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Qeyd olunur ki, erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir. Həmçinin cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşməsi, inteqrativ tədris təcrübəsinin inkişaf etdirilməsi Sərəncamda öz əksini tapır. Vurğulanır ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. Sənəddə qeyd olunan bütün bu hədəflər milli təhsilimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Yeni dərs ilində mövcud pandemiya şəraitindən irəli gələn qaydaların məktəblərdə tətbiqinə ciddi nəzarət olunması, Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi, gənc nəslin Zəfər tarixi ruhunda vətənpərvərlik və milli-mənəvi dəyərlərə uyğun tərbiyəsi, habelə keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşdirilməsi əsas hədəflərdir. Həmçinin fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, dərsdənkənar məşğələlərdə mövcud durum nəzərə alınmaqla yeni istiqamətlərin təyin olunması, məktəblilərdə tədqiqatçılıq bacarığının artırılması, onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas hədəflər sırasındadır. Digər tərəfdən, böyük qürur hissi ilə deyə bilərik ki, ötən dərs ilində Azərbaycan Ordusunun Qarabağ zəfərinə də şahidlik etdik. Qalibiyyətlə yekunlaşan Vətən müharibəsi Azərbaycan təhsilinin inkişafı üçün də yeni üfüqlər açdı. Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən mütəmadi olaraq "Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər keçirildi. Növbəti tədris ilində də bu tendensiyanı davam etdirəcəyik, çünki Vətənimizə qalibiyyəti qazandıranlara ehtiram, vəfa borcumuz var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası da qarşıya qoyulan hədəflərdəndir.

– Yeni tədris ilində öyrənənlərə, öyrədənlərə, ümumiyyətlə bu prosesdə iştirakı olanlara sözünüz?

– Mən ilk növbədə, bizimlə bu təhsil marafonuna qoşulan hər kəsi Bilik Günü münasibətilə təbrik edir, onlara uğurlu, sözün yaxşı mənasında yaddaqalan təhsil ili arzulayıram.

Nobel sülh mükafatçısı Malala Yusifzayın bir sözü var, deyir "Bir şagird, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər”. Nahaq yerə uşaqlar gələcəyimizdir demirik. Hər bir uşaq gələcəyin alimi, ixtiraçısı, tədqiqatçısıdır. Onların arasında durmadan dəyişən, qloballaşan dünyamıza töhfələr vermək əzmində olan, yenilikçi ruhlu, bacarıqlı neçə-neçə uşaq, gənc var. Dünyamıza töhfələr verəcək o gəncləri niyə də biz yetişdirməyək? Hələ çox gənclərimizin məktəblə başlayan kiçik addımları onları daha böyük yollara qovuşduracaq. Önəmli olan öyrənmək istəyi, bilik-bacarıqları artırmaq həvəsinin olmasıdır. Unutmayaq ki, müasir dünya çox hərəkətlidir, daim inkişafda olmağı tələb edir. Biz adətən təşəbbüslərin, ideyaların məktəbdən, müəllimdən gəlməsinə öyrəşmişik. Lakin arzuolunan nəticənin əldə olunması üçün şagird, müəllim və valideyn üçbucağının birgə səyləri olduqca əhəmiyyətlidir. Bu yaxınlarda maraqlı bir yazı oxudum. Onu oxucularımızla da bölüşmək istərdim. Riyaziyyat üzrə Nobel mükafatçısı olan bir professora tələbələrindən biri belə bir sual verir: "Necə oldu ki, bu qədər riyaziyyatçı arasında mükafata siz layiq görüldünüz, sizi digərlərindən fərqləndirən nə idi?". Professor cavab verir ki, bütün bunlara görə anama borcluyam. Çünki məktəbdən evə qayıdarkən bütün uşaqların anası "Müəlliminin verdiyi suallara cavab verə bildinmi? soruşduğu halda, mənim anam "Bu gün müəlliminə hansı sualı verdin?”, – deyə soruşurdu. "Hər zaman digərlərinin soruşmadığı sualları verdim və ömürboyu da soruşaraq öyrənməyə davam etdim. Bax, budur məni digərlərindən fərqləndirən”, – deyə Nobel mükafatçısı cavab verir. Təşəbbüskarlıq, öyrənmək istəyi deyəndə nəzərdə tutduğum da məhz ailədən gələn təkan, şagirdin əzmkarlığı və müəllimin öyrətmək vəzifəsinin birlikdə uğurlu nəticələrə gətirib çıxaracağına inanmaqdır.

Sonda bir daha yeni dərs ilində bütün təhsilalanlara, müəllimlərə və valideynlərə uğurlar, birgə səmərəli əməkdaşlıq arzu edirəm.



Загрузка...
Həmçinin oxuyun:
Bakıda peyvənd olunan təhsil işçilərinin sayı AÇIQLANDI

Bakıda peyvənd olunan təhsil işçilərinin sayı AÇIQLANDI

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika

Deputatdan təhsillə bağlı TƏKLİFLƏR

Deputatdan təhsillə bağlı TƏKLİFLƏR

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Neçə valideyn övladını məktəbə göndərməkdən imtina edib? - AÇIQLAMA

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

164 mindən çox şagird I sinfə gedir

164 mindən çox şagird I sinfə gedir

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

Valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq? - MÜSAHİBƏ

Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi

Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi

Dr. Məlahət Mürşüdlü: Yeni dərs ili: COVİD-19 tamammı, yoxsa davammı?

Dr. Məlahət Mürşüdlü: Yeni dərs ili: COVİD-19 tamammı, yoxsa davammı?

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

Bakı məktəbləri üçün 2018-ci il necə yadda qaldı?

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Mehriban Vəliyeva: “3 mindən çox şagird əyani qiymətləndirməyə cəlb olunacaq”

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Rusiya məktəbləri necə açır?

Rusiya məktəbləri necə açır?

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili