Bu gün zəif göstəricisi olan məzun sabahın tanınmış idmançısı, peşəkar müsiqiçisi, Vətənin mübariz keşikçisidir...
Təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə "Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunarkən, "Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir” açıqlaması, məsələ ilə bağlı mənim də bəzi düşüncələrimi bir növ yeniləmiş oldu.
Yəni, elə bir il olmur ki, hər tədris ili başa çatanda, abituriyentlərinin yalnız filan faizi 300-dən yuxarı bal toplayıb, attestat qiymətləri əla olan abituriyentlərindən filan qədəri 200 baldan aşağı nəticə göstərib, qəbul imtahanlarında filan qədər məktəbin məzunlarından bir nəfəri belə ali təhsil müəssisəsinə qəbul olmayıb, məktəbi 5 qiymətlərlə bitirən məzunların yalnız filan faizi attestat qiymətlərini doğrulda bilib, filan ixtisas qrupları üzrə imtahanda iştirak edən abituriyentlərin filan faizinin göstəriciləri aşağı olub və s. bu kimi ittihamlar gündəmin manşetinə çıxarılmamış olsun. Kimlərsə məktəblərdə verilən aşağı qiymətlərin obyektivliyini, yüksək qiymətlərin isə şişirdildiyini qabartmaqla və ya tam əksinə arqumetlər gətirməklə sanki, məktəb və İmtahan Mərkəzi arasında qarşıdurma yaratmaq məqsədini qarşılarına qoyublar.
Nə olar, təhlil edək, statistikaya əsaslanaq, tənqidi münasibət belə bildirək. Ancaq, birtərəfli yox, qərəzsiz və mübaliğəsiz. Məgər, hansısa məktəbin məzunu, hansısa ildə ali məktəbə qəbul olunmayıbsa, bu təkcə həmin məktəb rəhbərliyinin və pedaqoji kollektivin günahıdır? Məgər, bütün məktəblərimizin maddi-texniki bazası, pedaqoji kadr potensialı, şagird kontingenti və infrastruktur resursları eyni səviyyədədir? Əgər, hansısa məktəbin vur- tut 12-15 məzunundan kimsə ali məktəbə qəbul olunmayıbsa, bu hal, bu qədərmi façiəvidir? Bir də ki, təhsil qnunvericiliyimizlə bağlı hansı rəsmi sənəddə vurğulanıb ki, orta ümumtəhsil məktəbinin vəzifəsi, bilavasitə ali məktəblərə tələbə hazırlamaqdır?
Bir mühüm məqamı da nəzərə almaq lazımdır ki, məzunların bilik əhatəsi, ümumi hazırlıq səviyyəsi nə qədər önəmli olsa belə, orta ümumtəhsil məktəblərinin təhsil proqramları, dərslikləri ilə İmtahan Mərkəzinin test kitabçaları arasında olan fərq müxtəlifliyi, qəbul qaydalarının və imtahan modellərinin mütamadi olaraq yeniləşdirilməsi, ölkənin orta təhsil sistemində tətbiq olunan ənənəvi "5” ballıq hesablama şkalasına rəğmən qəbul imtahanlarının nəticəsinin 700 balllıq qiymət şkalası ilə ölçülməsi, şkalaların uyğunlaşdırılmasının nisbi və şərti xarakter daşıması, 11 illik fəaliyyətə 3 saat müddətinə qiymət verilməsi və bir çox digər amillər də heç şübhəsiz ki, məzunların yekun cavablarına təsirsiz ötüşməyən amillərdəndir.
Məlumdur ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini önə çəkib. Bu məqsədlə təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəflər əhatə edilib. Strategiyada nəzərdə tutulan strateji istiqamətlər içərisində başlıca hədəflərdən biri də məhz səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasıdır.
Ümumiyyətlə, keyfiyyətli təhsil dedikdə təhsil standartlarına uyğun əldə olunan nəticələr başa düşülür. Yəni, qüvvədə olan təhsil qanunvericiliyinə əsasən təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə uyğun olaraq müəyyən edilir. Qanunda qeyd edilən müvafiq keyfiyyət göstəriciləri sisteminə isə nə az, nə çox-təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s. daxildir. Ona görə də qiymətləndirmənin birtərəfli yox, düzgün və hərtərəfli aparılması vacibdir. Əks halda təhsilin keyfiyyəti ilə bağlı obyektiv mülahizə yürütmək çətin məsələyə çevrilir.
Ümumiyyətlə keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya göstəricilər hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?
Pedaqoi ədəbiyyatda təhsilin keyfiyyəti "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterza olunur. YUNESKO-nun tərifinə əsasən isə, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.”
Elə isə nə vaxta qədər ümumtəhsil məktəbinin fəaliyyətinə təkcə neçə şagirdinin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə qiymətləndirəcəyik? Baxmayaraq ki, ümumtəhsil məktəbinin vəzifəsı təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlarla yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvı və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.
Qiymət və dəyər başqa-başqa şeylərdir. Bu gün məktəb partası arxasında lazımı qiymət almayanlar sabahın tanınmış idmançısı, peşəkar müsiqiçisi, Vətənin mübariz keşikçisidirlər. Gəlin, təhsilimizə yanaşma tərzimizi bir az dəyişək. Qiymət verməklə yanaşı, dəyər verməyi də baçaraq. 44 günlük haqq savaşında özünü fəda edənlərin heç də hamısı 700 bal toplayanlar, xarici dil bilənlər, orta və ali məktəbi fərqlənmə ilə bitirənlər deyildi, şəhidliyi belə göz önünə alıb, Vətənini, xalqını özündən yüksək tutanlar idi...