Hər şeydən əvvəl onu qeyd edim ki, Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin məşhur bir kəlamı var: "Təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.” Digər bir amerikalı filosof, sosioloq, futroloq Alvin Tofflerə görə isə "21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir.”
Yəni, göründüyü kimi bir məfhum olaraq, "təhsil praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusu” anlamına gəlir. YUNESKO-nun müəyyən etdiyi beynəlxalq tərifə görə də, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Başqa sözlə, təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur. "Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.” Con Dyuinin təbirincə desək, ən geniş anlamda təhsil həyatın sosial davamı üçün bir vasitədir.
Bu mənada Respublikamızda da dünya təcrübəsinə əsaslanaraq və "Oxumaq heç vax gec deyil” prinsipindən çıxış edərək, həttayaşlıların təhsilinin təşkilinə belə heç bir məhdudiyyət qoyulmur.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasında keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri müəyyənləşdirib. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi "Qaydası”na əsasən əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.
Yəni, bu Qaydalar ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın əlavə təhsilinin istiqamətini, məzmununu, formasını, təşkilini və onlara müvafiq sənədin verilməsi şərtlərinı müəyyən edir. Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.
İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür. İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin təhsil proqramları ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir
Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili ilkin təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər.
Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.
Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir.
O ki, qaldı Azərbaycanda ikinci ali təhsil almaq istəyən, xüsusilə ixtisas dəyişmək istəyən insanların artımına, bu,müasir çağırışlara adekvat bir tendensiyadır və hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Mövcud Qanunvericiliyə görə əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.
Hazırda ölkəmizdə 50-60 yaş arasında tələbəlik həvəsində olanların sayı da kifayət qədərdir. Bunlar əsasən qarşısına ikinci diploma, əlavə peşəyə yiyələnmək məqsədi qoyanlardır. İkinci ali təhsil almaq istəyən, xüsusilə ixtisas dəyişmək insanlarınsayında müəyyən artımın müşahidə edilməsi isə müxtəlif səbəblərlə əlaqədardır. Burada ilkin yanlış seçimlər, yeni ixtisasların yaranması, əmək bazarının tələbləri, ikili diploma sahib olmaq istəyi və s. bir çox səbəblər var. Səbəblərin müxtəlifliyindən asılı oımayaraq əlavə təhsil və ixtisasartırma heç vaxt gec deyil...