AzTehsil.com


Xəbərlər / Video / Səhiyyə
26 iyun 2021
1 069


Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEO



Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEO

 

Son zamanlar ölkə ərazisində havanın temperaturun həddən artıq yüksəlməsi insanların isti yeməklərdən imtina etməsinə səbəb olur.

Xüsusilə də ürək-qan-damar sistemi, təzyiq, şəkərli diabet xəstələri və yaşlı təbəqəyə məxsus əhali qrupu istidən ən çox əziyyət çəkənlər sırasına daxildir desək, yanılmarıq.

Yüksək temperatura görə onlar isti qidadan çox sərin içkilərə üstünlük verirlər, müxtəlif növ maye qəbulu ilə bədənin enerjisini az da olsa bərpa etməyə çalışırlar.

Əslində isə bu içkilər sağlamlıq üçün çox zərərlidir. Bəs belə xəstəlikləri olan insanlar bu isti yay günlərində necə qidalanmalıdırlar?

Həkim dietoloqlar hesab edir ki, yay aylarında ən çox diqqət yetirilməli məqam suyun istifadəsidir.

Mövzu ilə bağlı danışan həkim-dietoloq İlqar Şamilov insanların hər kiloqrama görə 30 qram su qəbul etməli olduğunu bildirib:

"Yay aylarında suyun normal miqdarda qəbulu vacibdir. Çünki temperatur artdıqca hipertermiya yaranır və bədənin suya tələbatı artır.

Hər kiloqrama görə 30 qram su içmək lazımdır. Məsələn: 60 kq olan şəxs gün ərzində minimum 1.5-2 litr su içməlidir.

Bəzən su və maye qəbulunu qarışdırırlar. İnsanlar çox vaxt çay, kofe və qəhvə qəbul edərək suya olan tələbatı ödəməyə çalışırlar. Bunların tərkibindəki kofein ürək-qan-damar sistemi xəstələrində problemlər yaradır”.

Maye normadan artıq qəbul edildikdə də fəsadlar verir. Həddən artıq çox qəbul edilən mayedə karbohidrat yüksək oluğundan böyrək xəstəsi olanlara mənfi təsir edir.

Dietoloqların sözlərinə görə, yeməklərin hazırlanmasına da xüsusi diqqət yetirmək lazımdır. Hava isti olduğundan qızarmış və "fast-food” kimi yeməklərdən imtina etmək yerinə düşərdi.

Çünki bunlar qanda xolesterolun miqdarını artırır. Bu da müəyyən xəstəliklərdən əziyyət çəkən insanlarda problemlər yaradır.

Məsələ ilə bağlı danışan digər dietoloq Leyla Zülfüqarova isə belə növ qidaların alternativ yeməklərlə əvəz olunmasını tövsiyə edir:

"Yay fəsli olsa da, biz ət məsullarından da istifadə etməliyik. Əgər bunları adi haldakı kimi istifadə edə bilmiriksə, salat formasında hazırlayıb yeyə bilərik.

Bunun üçün mal yaxud da toyuq ətini soyutma halında bişirib göyərti və tərəvəzlərlə qarışdıraraq qəbul edə bilərik.

Buna az miqdarda zeytun yağı da əlavə etmək olar. Beləliklə isti deyil, soyuq qida qəbul etmiş olacağıq, eyni zamanda bu qida sağlamlığımıza müsbət təsir edəcək.

Bununla da ürək-qan-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər yaxud da şəkərli diabet xəstəsi olanlar orqanizmin tələbatını bu qidalarla ödəyə biləcək".

Həkim-dietoloqlar yayda su tələbatını ödəmək üçün bəzən qatıq-kefir kimi məhsullardan içkilər hazırlayıb qəbul etməyi də məsləhət görürlər.

Bundan başqa mövsümi meyvə və giləmeyvələr də qəbul ediləcək qidalar sırasına daxildir. Lakin bunlar normal qayda ilə yeyilməlidir.

Adətən insanlar yayda maye ağırlığı çox olan meyvə və tərəvəzlərə üstünlük verirlər. Lakin bu, belə olmamalıdır. Məsələn, qarpız bədənə həddən artıq şəkər yükləyir.

Buna görə də az miqdarda qəbulu tövsiyə olunur.
 



Загрузка...