Emin Əmrullayev Bakı Ali Neft Məktəbində olub
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib.
İlk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, Ali Məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib.
Nazir Ali Məktəbdə yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib.
Daha sonra BANM-in tələbə, professor-müəllim heyəti ilə görüşən nazir çoxsaylı sualları cavablandırıb.
Görüşdə Ali Məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş və BANM-ə müsabiqədənkənar daxil olmuş tələbələr, eləcə də ən yüksək bal toplayan, Ünumi Orta Müvvəffəqiyyət Göstəriciləri yüksək olan tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq nazirə gərgin iş qrafikinə baxmayaraq, tələbələrə, Bakı Ali Neft Məktəbinə vaxt ayırdığı üçün təşəkkür edib. Rektor son illər təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndirərək, pandemiya dönəmində də təhsilin fasiləsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən işlərin beynəlxalq tələblərə uyğun olduğunu bildirib.
Elmar Qasımov nazir Emin Əmrullayevin təşəbbüsü ilə Respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olmuş şagirdlərin ali məktəblərə müsabiqədənkənar qəbul olması sayəsində bu gün BANM-də onlarla istedadlı gəncin təhsil aldığını vurğulayıb.
Təhsil naziri Emin Əmrullayev isə çıxışında Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edib.
"Burada böyük faiz nisbəti ilə təhsil almaq istəyən tələbələr üçün müasir Ali Məktəb
modeli yaradılıb. İllərdir Bakı Ali Neft Məktəbi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Tələbələrə savad, biliklə yanaşı, bacarıqların da aşılanmasının tərəfdarıyam”. – deyə nazir qeyd edib.
E.Əmrullayev distant təhsil, distant diplomların tanınması, əlavə ixtisas dərslərinin alınması, orta məktəblərdə şagirdlərə bacarıqların öyrədilməsi, müəllimlərin işə qəbul prosesi, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul və semestr imtahanları ilə bağlı sualları ətraflı cavablandırıb.
Nazir yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün Bakı Ali Neft Məktəbində yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb.
Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq, yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını bundan sonra da şərəflə davam etdirəcəyini qeyd edib.
Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq” plaketi təqdim olunub.