Bu gün, bizim bu vaxta qədər göstərdiyimizdən daha artıq birlik, həmrəylik, mütəşəkkillik və anlaşıqlıq göstərdiyimiz, gələcəyimiz olan təhsilə təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələ kimi yanaşdığımız bir dövrdə məsafədən təhsilə keçid üçün lazımi resursların olmamamasından, xüsusilə bölgələrdə internet probleminin yaşanmasından, teledərslərin qeyri – effektivliyindən və uşaqlarının prosesə adaptasiya oluna bilməyəcəyindən narahatlıq keçirənlər, təbii olaraq təşvişə düşənlər, dolayısı olaraq narazılıq bildirənlər, hətta süni surətdə ajiotaj yaradanlar da var. Görülən işlərə rəğmən nəyin özünü doğruldacağını, nəyinsə doğrultmayacağını mübahisələndirələr də az deyil. Bu da hardasa başa düşüləndir.
Səmimi etiraf etməliyik ki, bir vaxtlar ehtiyac belə hiss etmədiyimiz, zərurət yaranmadığından lazımi əhəmiyyət vermədiyimiz təhsilalma formalarına, dünya təcrübəsində tətbiq olunan mütərəqqi metodlara lazımınca diqqət yetirməmişik, istənilən fövqəladə hadisələrə hazır olmaq üçün kifayət qədər axtarışlara sövq olunmamışıq. Bəli, onu da qəbul etməliyik ki, iradəmizdən asılı olmayaraq yaranmış təhlükə ilə bağlı mövcud durum həyatımızın bütün sahələri kimi, elə təhsilimizin özü üçün də bir məktəbdir. Ancaq, ədalət naminə etiraf etməliyik ki, vəziyyəti sabitləşdirmək, mümkün qədər itkisiz adlatmaq üçün dövlətimiz tərəfindən bütün lazımı addımlar atılır, davamlı və dayanıqlı tədbirlər həyata keçirilir. Bu gün nəyin özünü doğruldacağını, nəyin doğrultmayacağını mübahisələndirmək zamanı deyil, mümkün qədər adi telefon bağlantısından tutmuş, məlum ehtiyat mexanizmlərinə, mövcud olan digər resurslara istinad etməklə ümumi işin xeyrinə səmərəli təkliflər vermək, əməli ışlər görmək məqamıdır. Verilən rəsmi məlumatlara görə Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub. Ümumilikdə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib. Bütün deyilən və deyilməyən istiqamətlərdə işlər davam etdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində "Virtual məktəb” layihəsinə start verib. Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt” xidmətinin fəaliyyətə başlaması, əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilməsi, görüləcək işlər istiqamətində yeni addım olub, bu, istənilən halda vətəndaşa mənəvi dəstək rolunu oynayacaq.
"Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliyə əsasən ali təhsil müəssisələri "Təhsil haqqında” qanuna uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etməklə yanaşı, bundan sonra "Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirəcək. Milli Məclisdə yaranmış vəziyyətlə əlaqədar olaraq yeni tədris ilindən ali məktəblərdə dövlət sifarişli yerlərin sayının artırılması, distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı tədqiqatlara görə də vəsait verilməsi, uşaqları məktəbdənkənar məsafədən təhsilə necə cəlb edilməsi, hökumətin müəllimlərin onlayn rejimdə tədrisə keçid etməsi üçün kütləvi açıq onlayn kurs hazırladığını, müəllim hazırlığı üzrə İKT sahəsində səriştəyə malik olmayan müəllimlər üçün İKT proqramı vasitəsilə potensialın artırılması üzrə seminarların keçirilməsi və s. bu kimi təkliflər səsləndirilir. Daha konkret qənaətə gəlsək, bu gün sonsuza qədər düşünüb-daşınmaq yox, sağlam düşüncə nümayiş etdirməklə bütün dünyanı ağuşuna alan qlobal təhlükədən çıxış yolu axtarmaq naminə dözümlülük göstərmək, bütün səy və imkanları ümumi mənafeyə yönəltmək, pis günlərin arxada qalacağına dair vətəndaşlarımızda inam yaratmaq zamanıdır. Fizika və kimya üzrə ikiqat Nobel mükafatçısı Mariya Skladovskaya-Kyurinin bir sözü var: "Həyatda qorxmalı olduğunuz heç nə yoxdur, sadəcə başa düşməli olduğunuz şeylər vardır.” Bu müdrik və ümidverici sözlər sanki, bu günlər üçün deyilib…